ŞƏRQŞÜNASLIQ FAKÜLTƏSİ
1919-cu ildə Bakı Dövlət Universiteti təsis ediləndə tarix-filologiya fakültəsinin nəzdində Şərq şöbəsi mövcud olmuşdur. 1922-ci ildə təşkil edilmiş Şərqşünaslıq fakültəsində türk və fars şöbələri yaradılmışdır. Fakültənin inkişafında məşhur alim və pedaqoqlar, o cümlədən akademiklər N.Marr, İ.Meşşaninov, V.Bartold, A.Samoyloviç, H.Araslı, professorlar Oşmarin, A.Romaşkeviç, P.Juze, B.Çobanzadə, A.Qubaydulin, V.Xuluflu, Ə.Məmmədov, M.Əlizadə, R.Sultanov, Y.Şirvan və başqaları böyük rol oynamışlar.
Şərqşünaslıq fakültəsinin ilk dekanı P.Juze olmuşdur. Hazırda fakültənin dekanı filologiya üzrə fəlsəfə doktoru dosent Aydan Xəndandır.
Məşhur şərqşünaslardan akademiklər Ə.Sumbatzadə, V.Məmmədəliyev, N.Vəlixanlı, AMEA-nın müxbir üzvləri M.Nemətova, B.Hüseynov, Z.Məmmədov, Ə.Səfərli, professorlar A.İmanquliyeva, C.Qəhrəmanov, M.Mahmudov, H.Mahmudov və başqaları, İran, Küveyt, Misir, BƏR, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Mərakeş, Yaponiya, Koreya, ABŞ, Moldova, Latviyada Azərbaycan Respublikasının səfirləri, BMT-də ölkəmizin nümayəndəsi, tanınmış ədib və şairlər C.Cabbarlı, Ə.Cəfərzadə, C.Əlibəyli, Ə.Hacızadə, A.Zeynallı da fakültənin məzunlarıdırlar.
Şərqşünaslıq fakültəsində türk və fars şöbələri ilə yanaşı 1957-ciil də ərəb, 1993-cü ildə ibri, 2000-ci ildə yapon, 2001-ci ildə urdu, 2002-ci ildə çin və 2007-ci ildə isə koreya şöbələri açılmışdır.
Əsas elmi-tədqiqat sahələri: Şərq dilləri və ədəbiyyatlarının aktual problemləri.
Fakültədə 4 kafedra, linqafon kabinəsi, ərəb, fars, türk, ibri, urdu, yapon, çin və koreya dilləri üzrə müasir mebel, kompüter, televizor, peyk antennaları, videomaqnitafon və digər texniki vasitələrlə təchiz edilmiş xüsusi otaqlar, zəngin fondu olan kitabxana vardır.
Hal-hazırda fakültədə 87 müəllim, o cümlədən, 11 elmlər doktoru, professor, 25 elmlər namizədi, dosent, 13 nəfər baş laborant və laborant fəaliyyət göstərir.
Fakültədə Azərbaycan və rus bölmələrində olmaqla təhsil forması bakalavr pilləsində əyani, magistraturada isə əyani və qiyabidir. Bakalavr pilləsində 822 tələbə, magistraturada 33 magistrant təhsil alır. Eyni zamanda 14 nəfər aspirant və dissertant tədqiqat işi aparır.
