Yaponiyadan gəlmiş nümayəndə heyəti Şərqşünaslıq fakültəsində olub
17/03/201616 mart 2016-cı il tarixində Şərqşünaslıq fakultəsində Yaponiyadan gəlmiş nümayəndə heyəti ilə görüş keçirilmişdir. Tədbiri açıq elan edən fakültə dekanı prof. Elxan Əzizov Yaponiya və Azərbaycan arasındakı ədəbi-mədəni əlaqələrdən, təhsil sahəsindəki əməkdaşlıqdan söhbət açmışdır. Görüşdə Yaponiyanın Tsukuba Universitetinin Xarici əlaqələr şöbəsinin 4 nəfər əməkdaşı təhsil və koriyera imkanları barədə tələbə və müəllimlərlə maraqlı diskussiya aparmışdır. Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri dos. Oqtay Cəlilbəyli növbəti ildə BDU ilə Tsukuba Universiteti arasında tələbə mübadiləsi haqqında Anlaşma Memorandumunun imzalanmasının qərara alındığını bildirmişdir. Mərasimdə xalqımızın adət-ənənələri, milli geyim və rəqsləri barədə yaponiyalı qonaqlara məlumat verilmiş, sonda onların şərəfinə Novruz süfrəsi açılmışdır.
