XX Yapon dili Natiqlik Müsabiqəsinin qalibləri mükafatlandırılıb
29/09/2022Şərqşünaslıq fakültəsində XX Yapon dili Natiqlik Müsabiqəsinin qalibləri mükafatlandırılıb.
28 sentyabr 2022-ci il tarixində Şərqşünaslıq fakültəsində XX Yapon dili Natiqlik Müsabiqəsinin qalibləri mükafatlandırılıblar. Tədbirdə fakültə rəhbərliyi, Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müəllim heyəti, Yaponiyanın Azərbaycandakı səfirliyinin Mədəniyyət və Elmi məsələlər üzrə müşaviri və qalib tələbələr iştirak ediblər.
Fakültə dekanı dos. Aydan Xəndan və Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri prof. Oktay Cəlilbəyli çıxış edərək, tələbələrin uğurlarını, müsabiqənin əhəmiyyətini, o cümlədən Yaponiya səfirliyi ilə əməkdaşlığın səmərəliliyini və Yapon Fondunun fakültəyə verdiyi dəstəyi yüksək qiymətləndiriblər. Səfirliyin əməkdaşı müsabiqənin əhəmiyyəti, o cümlədən BDU-nun Şərqşünaslıq fakültəsində yapon dilinin tədrisinə verilən önəm barədə söz açaraq, davamlı əməkdaşlığın zəruriliyini vurğulayıb. Tələbələrə təbrik ünvanlanıb. Ardıcıl olaraq müsabiqənin qalibləri Nuray Rəsulzadə, Fatimə Dadaşova, Nəzrin Cuvarlinskaya, Nərmin Bəbirli, Mədinə Novruzova və Elşad Bayramov təltif olunaraq, hədiyyələrlə mükafatlandırılıblar.
