Vətən etibarlı əllərdədir....
15/02/2022Türk filologiyası kafedrasının müdiri, professor Rüfət Rüstəmov yazır:
Vətən etibarlı əllərdədir.
Qədim və zəngin tarixi, adət-ənənəsi, mədəniyyəti olan Azərbaycan xalqı hər zaman olduğu kimi bu gün də vətənini yad ellərdən qorumaq əzmindədir. Müdriklərimiz demişkən: “Gələcəyə ümidlə baxan xalq heç vaxt yenilməz.” Hər kəs bilməlidir ki, bizim gücümüz birliyimizdədir. Tarixin bütün sınaqlarından başı uca, üzü ağ çıxan, Türk dünyasının sağlam budaqlarından biri olan Azərbaycan xalqı yeni və şərəfli bir tarixə imza atdı.
Mübarək olsun!
Bu şərəfli tarixin müəllifi xalqımızın vətənpərvər, qüdrətli və müdrik oğlu dünya diplomatiya tarixində söz sahibi olan, Azərbaycan xalqının ümid çırağı, Silahlı Qüvvələrin Ali Baş Komandanı zati-aliləri, hörmətli prezidentimiz İlham Əliyev və müzəffər Azərbaycan Ordusudur.Dünya diplomatiyası qarşısında həmişə olduğu kimi dözümlülük ,qətiyyətlilik,prisipiallıq nümayiş etdirən Azərbaycan xalqı Ulularının yolunu seçərək , səbr kəsasını bir tərəfə ataraq nəhayət sentiyabr ayının 27-də müharibəyə başladı. Fəxrlə qeyd etmək istəyirik ki, 44 gün davam edən müharibə zamanı Qüdrətli Ali Baş Komandanımız İlham Əliyev və müzəffər Ordunun qətiyyətli mübarizəsi döyüş meydanında elə bir qığılcım saçdı ki, Azərbaycan əsgərlərinin nəriltisindən yerlə, göy titrəyirdi. Bu nərilti qələbədən xəbər verirdi. Gələcək gün artıq öz qələbə təbilini çalmağa başladı. Vətən oğlu, zati-aliləri,hörmətli prezidentimiz noyabr ayının 10-da gecə saatlarında Qələbə xəbəri ilə xalqımızı sevindirdi.Bu qələbə İlham Əliyev nüfuzunun ,müdrüklüyünün və uzaq görənliyinin məntiqi nəticəsidir. Heç kəs unutmamalıdır ki, davam edən münaqişə tilsimlənmiş bir qapıyı xatırladırdı. Bu qapı açılmırdı ki, açılmırdı. Bütün dünyanı narahat edən tilsim problemini Ali Baş Komandanımız və müzəffər ordumuz birdəfəlik darmadağın etdi. Belə uğurlardan xəbər tutan Aİ və NATO Azərbaycanın son dərəcə vətənə,torpağa, onun müqəddəsliyinə, lazım gələrsə canını vətən yolunda qurban verməyə hər an hazır olduqlarının bir daha şahidi oldular. Azərbaycanın qələbəsi Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Biz düşünürük ki, hər bir Azərbaycan ziyalısı yaxşı dərk edir ki, torpaq ağrısı, sərvətlərimizin qorunması, böyüməkdə olan nəsillərə elmi cəhətdən elə aşılanmalıdır ki, onlar bu yolda cəsarətlə addımlasınlar. Bu problemin həllində BDU rəhbərliyinin əvəzsiz xidmətləri danılmazdır.
Böyüməkdə olan gənclərimiz bilməlidirlər ki,işğal olunmuş torpaqlarımızda yerləşən qədim tarixi abidələrimizin(Camilər, qalalar, körpülər və s.) dağıdılması, xarabalığa çevrilməsi daşnak ermənilərinin vəhşiliyindən irəli gələn, tarixdə nifrətlə qarşılanan bir hadisədir. Çox zaman real həyatda ermənilər tərəfindən törədilmiş eybəcərliklər, heç bir qanuna söykənməyən hadisələrin əsil səbəbi qəsdən təhrif olunur.
Bu keşməkeşli və dolaşıq bir zamanda özünə hörmət edən hər bir şəxs vətənimizə, dövlət quruculuğuna qarşı müxalif, neqativ fikirdə olmamalıdır. Təəssüflər olsun ki, belələrinə də rast gəlmək olur. Hər bir Azərbaycan oğlu bilməlidir ki, xalqının azad və firavan həyat sürməsi üçün vətənin hərtərəfli inkişafına, qabaqcıl ölkələrin səviyyəsinə çatmasına öz töhfəsini verməlidir. Belə bir şəraitdə biz çalışmalıyıq ki, vətənimizdə sabitlik olsun. Biz Azərbaycan xalqı illərdir ki, ümidlə yaşayırdıq. Elə bilirdik ki, Avropa Şurası, BMT, Minsk qrupu və s. müxtəlif təşkilatlar torpaqlarımızı sülh yolu ilə qaytarıb özümüzə verəcəklər. Bu gedişatdan həmişə şellənən, 27 il Azərbaycanın çörəyini yeyib, suyunu içən ermənilər elə bilirdilər ki, həmişə belə olacaqdır. Heç bir əxlaqi normaya sığmayan bir hərəkəti dövlət başçısı edirsə, yazıq o millətin halına. Şuşa şəhərinin işğalının 27-ci ildönümü qeyd olunarkən bir qrup dələduz və baş nazir Paşinyan həmin gün Cıdır düzündə sərxoş halda yallı gedərək öz təlxəkliyini gizlətmədi. Paşinyanın Şuşada Cıdır düzündə sərxoş vəziyyətdə rəqs etməsi ictimaiyyət tərəfindən bir- mənalı qarşılanmadı. Nəhayət, onların arzuları gözlərində qaldı. Təbii ki, müdrik, qüdrətli Azərbaycan xalqı bunun bir oyun olduğunu çoxdan başa düşmüşdü. Ulularımız demişkən : “Sən saydığını say, gör fələk nə sayır.”
Qarabağ Müharibəsi başladı. 44 gün davam edən savaş Qarabağı işğaldan azad etdi. Prezidentimizin sücaəti, qətiyyəti, ordumuzun qəhrəmanlığı sayəsində torpaqlarımız düşmən tapdağından azad oldu.
Azərbaycan Respublikasının Ali Baş Komandanı zati-aliləri hörmətli Prezidentimiz İlham Əliyevin ay yarım ərzində gecə və gündüz bilmədən savaşa birbaşa rəhbərlik etməsi, Azərbaycan əsgər və zabitlərinə mənəvi cəhətdən dayaq olması Vətən oğullarına ilahi güc verdi. Müzəffər ordumuzun döyüşçüləri Ali Baş Komandanın “Aslanlar Yenilməz” müdrik kəlamından ruhlanaraq ,ermənilərə elə zərbələr endirdilər ki, buna dözməyən ermənilər pərən-pərən düşdülər.
Qarabağ müharibəsinin iştirakçıları yaxşı bilirlər ki, müharibənin enişli – yoxuşlu yolları olsa da, müzəffər ordumuz büdrəmək, yıxılmaq fikrində olmamış, öz vüqarı, əyilməzliyi və cəsarəti ilə döyüş meydanında aslanlar kimi vuruşmuşdur. Biz xoşbəxt xalqıq, ona görə ki, Azərbaycan xalqının qüdrətli dövlət başçısı öz iradəsi, sərbəst, mükəmməl qərar qəbul etmək səriştəsi, ağlı, zəkası hesabına insanlara doğru yol göstərən, lazım gəldiyi an arxasınca apara bilən nadir dövlət xadimidir.
Biz yaxşı bilirik ki, tarix bizi sınağa çəkir. Biz tarixi keçmişimizlə fəxr edən bir xalq kimi bu sınaqdan da üzüağ çıxacağıq.
Hörmətli Ali Baş Komandan:
-Qədir bilən qüdrətli Azərbaycan xalqı bir daha əmin oldu ki, Sizdə olan cəsarət, sədaqət, səbr kimi keyfiyyətlər başqaları üçün həyat məktəbi olacaq. Gedişatlar göstərir ki, Ali Baş Komandanımızın düşünülmüş müdrik siyasəti artıq öz bəhrəsini verməyə başlamışdır. Müharibə gedə-gedə hörmətli prezidentimizin və xanımının düşməndən azad olunmuş rayonlarına səfərləri və heç bir təhlükəyə məhəl qoymadan Azərbaycan bayrağını şəxsən dövlət başçımızın özünün ucaltdığı bu mənzərə əbədi olaraq Azərbaycan xalqının yaddaşından heç vaxt çıxmayacaqdır. Ali Baş Komandanımız belə xoş tədbirlər zamanı xoş təbəssümlə demişdir:
“ İnşallah, yaxın zamanlarda Azərbaycanımızın bayraqlarından biri də Xankəndində dalğalanacaqdır !...”
Mənim əziz xalqım, buna qəti şübhəniz olmasın. Bizim mübarizəmizin əsas qayəsi halalca torpaqlarımızı düşmən tapdağında azad etməkdən ibarətdir.”
Çox hörmətli Prezidentimiz, qazanılan qələbənin tarixi əhəmiyyətini bütün dünyaya belə bəyan etdi: “Dağlıq Qarabağ” münaqişəsi keçmişdə qaldı, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi. Bütün dünya bilməlidir ki, uzun illər Azərbaycanla Ermənistan arasında aparılan diplomatik görüşlər öz bəhrəsini vermədiyinə görə hər iki tərəf münaqişəni nəhayət hərbi-siyasi yolla həll etdi. Bu sınaqdan Ali Baş Komandan zati-aliləri, çox hörmətli prezidentimiz və müzəffər ordumuz başda olmaqla, Azərbaycan iki əsrlik tarixində ilk dəfə olaraq itirilmiş torpaqlarını geri qaytardı, müstəqil dövlətin ərazi bütövlüyünü tam təmin etdi. Düşmən tərəf unutmasın ki, ”Dağlıq Qarabağ” statusunun üstündən elə bir qara xətt çəkilmişdir ki, onu heç bir düşmən qüvvəsi silə bilməz!...
Paşinyanlar unutmasınlar ki, qüdrətli Azərbaycan xalqının qarşısında at oynatmaq arzusu çoxdan arxiv quyusuna basdırılmışdır. Mən bir ziyalı kimi məsləhət görərdim ki, bəzi naşı siyasətçilər İlham Əliyevin yüksək beynəlxalq mərasimlərin tribunalarından verdiyi bəyanatları diqqətlə dinləsinlər, onun zəkasına, qüdrətinə, səbrlə təkrarladığı müdrik kəlamlarına ,diplomatik münasibətinə hörmətlə yanaşıb, nə qədər gec deyil, onun bu təcrübəsindən bəhrələnsinlər. Görməyən gözlər görsün, eşitməyən qulaqlar eşitsin, Azərbaycan xalqı müstəqilliyimiz tarixində ilk dəfə olaraq həsrətlə gözlədiyimiz bir an yetişmişdir. Nəhayət Azərbaycan xalqı ərazi bütövlüyünü təmin etmiş, döyüş meydanında daşnakların dərsini vermişdir. Gözü götürməyən dövlətlər unutmasınlar ki, bizim müstəqilliyimiz və qələbəmiz əbədidir, heç bir qara qüvvə bizim qarşımızda meydan sulaya bilməz!... Biz fəxr edirik ki, dövlət başçımızın hər bir çıxışı yeni bir uğurlu nəticələrdən xəbər verir. “Qarabağ bizimdir, bizim olacaq”, “Qarabağ Azərbaycandır!” şüarları xalqın birliyinin çağırışı olaraq yeni yazılan tarixin şərəfli səhifələrinin birinə qızıl hərflərlə yazılacaqdır.
“Bir millət, iki dövlət” müdrik kəlamını həmişə hörmətlə dilə gətirən Cənab Prezident qardaş Türkiyə Respublikasını və onun dövlət xadimlərini doğmaları kimi qiymətləndirməklə hər iki xalqın rəğbətini qazanıb. Müdriklərimiz demişkən qardaş olmaq üçün atanın, ananın bir olması şərt deyildir. Türkiyə Respublikasının Prezidenti, zati-aliləri Rəcəb Teyyub Ərdoğanın hələ 2007-ci ildə Baş Nazir kimi Bakıda səfərdə olarkən Qarabağ münaqişəsini ”Türk millətinin qanayan yarası” adlandırması heç də təsadüfü deyildi. Hörmətli Prezident tərəfindən regionda sülh və inkişaf naminə işğal altında olan Azərbaycan torpaqlarının tezliklə azad edilməsinə bir çağırış idi. Biz uca səslə deyirik:
“ -Azərbaycan xalqı çox xoşbəxt xalqdır ki, onun Türkiyə dövləti kimi arxası, qüdrətli Prezident Rəcəb Tayyib Ərdoğan kimi dostu, qardaşı var. Ermənistan dövlətinə edilən çağırış vaxtında qiymətləndirilməlidir. Təəssüflər olsun ki, belə çağırışlara məhəl qoymayan Paşinyanlar öz hikkəli hərəkətləri ilə özlərinə, özləri də bilmədən dərin quyu qazdılar. Parlaq tarixi keçmişi olan bir xalqa Paşinyan kimilərin meydan oxuması diplomatiyadan və dövlət siyasətindən xəbəri olmayan bir zavallının atdığı uğursuz addımdan başqa bir şey deyildir. Başqasının halalca torpağında oyunlar çıxarması bir yana qalsın, arsız-arsız dünyaya meydan oxumaq fikrinə düşməsi də bir yana...
525-ci qəzet, fevral 2022

