Urdu ədəbiyyatı sahəsində yazılmış ilk dissertasiya işinin müzakirəsi keçirilib
08/10/2018
BDU-nun Şərqşünaslıq fakültəsinin İran filologiyası kafedrasında Azərbaycanda ilk dəfə Dünya ədəbiyyatı (urdu ədəbiyyatı) ixtisası üzrə filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya işinin ilkin müzakirəsi keçirilib. Həmin kafedranın dissertantı Aygün Tağıyeva “Məhəmməd İqbalın lirikası (urdu şeirləri əsasında)” mövzusunda dissertasiya işini mütəxəssislərin, elmi ictimaiyyətin ixtiyarına təqdim edib. O, 2001-2007-ci illər ərzində Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb. 2005-ci ildə “Urdu dili və ədəbiyyatı” ixtisası üzrə bakalvriatura, 2007-ci ildə isə “Urdu dili” ixtisaslaşması üzrə magistratura pillələrini “Fərqlənmə” diplomları ilə bitirib. 2009-cu ildən İran filologiyası kafedrasında müəllim, 2017-ci ildən isə baş müəllim vəzifələrində çalışır. Dissertasiya işinə İran filologiyası kafedrasının müdiri professor Mehdi Kazımov rəhbərlik edib. İddiaçının mövzusu ilə bağlı biri xaricdə olmaqla, altı məqalə və üç tezisi nəşr olunub. Qeyd edək ki, müzakirə Şərqşünaslıq fakültəsinin dekanı, professor Elxan Əzizovun sədrliyi ilə keçirilib.
