Homeaz | en | ru

Türk filologiyası kafedrasının müdir Milli Qəhrəman, şəhid Polad Həşimovun ailəsini ziyarət edib

16/05/2022
Türk filologiyası kafedrasının müdiri, prof. Rüfət Rüstəmov Milli Qəhrəman, şəhid Polad Həşimovun ailəsini ziyarət edib. Generalın xatirəsi yad edilib və prof.R.Rüstəmovun "Generalın ölümü öldürən şəhidliyi" adlı oçerki şəhidin ailəsinə təqdim edilib. Oçerkdən hissə: "Ağsaqqalın kövrək səsi məni çaşbaş salmışdı. Sanki yuxuda idim. Anidən ayağa qalxdım, ətrafa göz gəzdirdim, qulağıma əcaib səslər gəlirdi. Maşınların sürətlə şütümələri, çox sayda insanların yüksək səslə “Şəhidlərimizin qanı yerdə qalmayacaqdır!” şüarları get-gedə artırdı. Bir sözlə, insanlar təlatüm içində qaynaşırdılar. Vaxt itirmədən evə qayıtdım. Bilgisayarı işə saldım. İlk işim xəbərləri dinləmək oldu. Tovuz ətrafında gedən şiddətli döyüş zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev, bir neçə zabit və əsgərimiz qəhrəmancasına şəhidlik zirvəsinə yüksəliblər!" – Qoy hamı bilsin ki, Poladın ailəsi Polad məhəbbəti ilə formalaşıb. O, Tanrının verdiyi ömrü faydalı və mənalı yaşamağı qarşısına məqsəd qoymuşdu. Həmişə deyərdi: “Ay ana, unutma, nə vətənsiz bir millət, nə də millətsiz bir vətən yoxdur! Ana, sən məni vətənim üçün doğmusan! Mən vətənim üçün yaşayıram!” Polad hara getsə, məni tez-tez axtarırdı. Son dərəcə diqqətli oğul idi, bilirdi ki, şəkərim var. Məni bir an darıxmağa qoymazdı. Həmişə şəkərimlə maraqlanırdı. Evə gələndə əliboş gəlməzdi. Bir gün gördüm ki, çoxlu diş pastası, diş fırçası, köynək yaxası üçün ağ parça, nə bilim daha nələr alıb. Soruşanda ki, ay oğul, bu nə bazarlıqdır? Gülümsəyərək dedi: “Bunlar mənim əsgər balalarım üçündür, ay mənim gözəl anam!” Onu bağrıma basardım, o gözəl təbəssümlü yanağıdan doyunca öpərdim! O, daima əsgərlərinin nəyə ehtiyacı var, nəyə yoxdur məsələsi ilə maraqlanardı. Evə gəldiyi andan telefon əlindən düşməzdi. Hərbi hissə ilə, əsgərləri ilə maraqlanırdı. Onun dini-imanı əsgərləri idi. Polad general olandan sonra çoxları onunla maraqlanırdı. Bəziləri onun yaşadığı şərati soruşurdular. Evi göstərəndə heç kəs inanmırdı ki, general Polad Həşimov bu mənzildə yaşayıb. O, dünya malında gözü olmayan övlad idi.

 

Bookmark and Share