Homeaz | en | ru

Tanınmış türkoloq alim Ə.Rəsulovun 65 yaşı tamam olur

04/03/2019

 

Əsgər Adil oğlu Rəsulov 03 mart 1954-cü ildə Naxçıvan şəhərində anadan olub. 1970-ci ildə şəhər orta internat məktəbini bitirib. 1971-ci ildə daxil olduğu Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsini 1976-cı ildə fərqlənmə diplomu ilə bitirib. 1976-1979 -cu illərdə Türkiyə Respublikasında SSRİ Xarici İqtisadi Əlaqələr Nazirliyi xətti ilə tərcüməçi işləyib.

1980-ci ildən etibarən ömrünü məzunu olduğu fakültə ilə bağlayıb, baş laborant kimi elmi-pedaqoji fəaliyyətə başlayıb. 1981-2012-ci illərdə Yaxın Şərq dilləri (1991-ci ildən Türk filologiyası) kafedrasında müəllim, baş müəllim, dosent və professor vəzifələrini tutub. 1983-cü ildə filologiya elmləri namizədi, 2006-cı ildə filologiya elmləri doktoru elmi dərəcəsi alıb. 1989-1995-ci illərdə Türkiyə Respublikasında uzunmüddətli ezamiyyətdə olub, SSRİ-nin Ankaradakı səfirliyində mütərcim-referent işləyib.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 26 noyabr 2012-ci ildə Azərbaycan Respublikası Milli Arxiv İdarəsi rəisinin müavini, 31 iyul 2018-ci ildə rəisi vəzifəsinə təyin edilib.

10-dan artıq kitabın, 15 fənn proqramının, ölkəmizdə və xaricdə nəşr edilmiş 200-yə yaxın elmi, ədəbi-tənqidi və publisistik məqalənin müəllifidir. Türk dilinə və əksinə xeyli tərcümələr edib. Türk dilindən Azərbaycan dilinə tərcümə edilən 20-yə kitabın ixtisas redaktoru olub.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü, Filologiya Problemləri üzrə Elmi Şurası sədrinin müavinidir. İndiyə qədər çox sayda elmlər doktoru və fəlsəfə doktoru dissertasiya işinin məsləhətçisi, rəhbəri və rəsmi opponenti olub.

Səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 2009-cu ildə Azərbaycan Respublikası Təhsil nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür (2005).

Ailəlidir, üç övladı, dörd nəvəsi var.

 

Bookmark and Share