Tanınmış şərqşünas alimin xatirəsi yad edilib
03/02/2019
İran filologiyası kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru, respublikanın aparıcı dilçi-iranşünaslarından olan mərhum Mənzərə Həsən qızı Məmmədovanın əziz xatirəsi həmkarları tərəfindən anılıb. Görkəmli alimi ölkənin elmi və pedaqoji ictimaiyyəti yaxşı tanıyırdı. O, elmi işləri ilə istər İranda, istərsə də keçmiş Sovet İttifaqının şərqşünaslıq mərkəzlərində ad qazanmışdı.
Mənzərə xanım 1932-ci ildə İrəvan şəhərində anadan olmuş, ilk təhsilini İrəvan şəhərində azərbaycanlılara məxsus olan yeganə orta məktəbdə aldıqdan sonra, Bakıda Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin fars dili şöbəsinə daxil olmuşdur. Təhsildə əldə etdiyi yüksək müvəffəqiyyətlər sayəsində, birinci kursdan sonra, yəni 1952-ci ilin payızında Yaxın Şərq dilləri kafedrasında işə qəbul olunmuş, təhsil illərinin sonuna, yəni 1956-cı ilin payızına qədər həmin kafedrada laborant vəzifəsində fəaliyyət göstərmiş, sonra təyinata əsasən, Qərbi Azərbaycanın Zəngibasar rayonunda orta məktəbdə müəllimlik etmişdir. 1957-ci ildə Bakıya gələrək, AEA Respublika Əlyazmaları fondunda kiçik elmi işçi vəzifəsində fəaliyyət göstərmiş, 1964-cü ildə oranın aspiranturasına qəbul olunmuş, 1968-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir.
1970-1971-ci tədris ilində müsabiqə yolu ilə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Yaxın Şərq dilləri kafedrasında əvvəl baş müəllim, sonra dosent vəzifələrində çalışmışdır. Mənzərə Məmmədova fars dili kurslarına rəhbərlik etmiş, həm bakalavr, həm də magistr pillələrində Azərbaycan və rus dillərində müxtəlif fənlərdən dərs demişdir. O, “Ümumi və fars dilçiliyinin əsasları”, “Mənbəşünaslıq”, “Mətnşünaslıq” kimi fənlər üzrə bir sıra proqramların müəllifidir. İran filologiyası kafedrasının tarixində ilk dəfə Mənzərə xanım dosent N.Musayeva ilə birlikdə rus bölməsi üçün “Fars dili dərsliyi” kitabını yazmışdır.
Mənzərə Məmmədovanın Əlyazmalar İnstitutunda apardığı tədqiqatlar, topladığı materiallar daha sonra onun “XI-XVII əsr farsdilli izahlı lüğətlərinin əsas tərtib prinsipləri” monoqrafiyasının əsasını təşkil etmişdir. Kitab orta əsrlərdə fars dilində (ilk növbədə azərbaycanlı müəlliflər tərəfindən) yazılmış izahlı lüğətlərin nəzəri əsaslarının tədqiqinə həsr edilmişdir. O, uzun illər Nizaminin “Xəmsə”si ilə məşğul olmuş, bu fəaliyyətin nəticəsində iki sanballı elmi iş – “Nizami Gəncəvi dilinin leksik üslubu” və “Nizami Gəncəvi dilinin lüğəti” (iki cilddə) ərsəyə gəlmişdir. Ə.Ələkbərova ilə birlikdə Seyyid Əbdülhüseyn Şərəfüddinin “Əl-Müraciət” və Ayətullah Şeyx Məhəmməd Rza Müzəffərin “Əs-Səqifə” əsərlərini tərcümə etmişdir.
İran filologiyası kafedrasının müdiri professor Mehdi Kazımov qeyd etdi ki, Mənzərə xanım Şərqşünaslıq fakültəsində böyük nüfuza malik idi. Tələbələr onu sevir, iş yoldaşları ona hörmətlə yanaşır, yüksək dəyər verirdilər. Alim və pedaqoq kimi tanınmasına, elmi çevrələrdə nüfuzunun olmasına baxmayaraq, Mənzərə xanım həmişə yardıma hazır, sadə ünsiyyətli, təvazökar, həssas bir insan idi. İncə, zərif bir qadın olan, həmişə gülümsəyən və insanlara xeyirxah yanaşan Mənzərə xanım həm də çox səbatlı və güclü şəxsiyyət idi, heç vaxt öz prinsiplərini güzəştə getmir və həmişə öz mövqeyini sonadək müdafiə edirdi. O, öz vəzifəsini həmişə vicdanla yerinə yetirirdi.
Çoxillik təcrübəsi və geniş biliyi ilə təkcə İran üzrə yaxşı mütəxəssislərin yetişdirilməsinə deyil, həm də bütövlükdə gənc nəslin tərbiyəsi işinə böyük töhfə vermiş Mənzərə Məmmədovanı tələbələri və iş yoldaşları ziyalı, hərtərəfli bilikli, yüksək səviyyəli mütəxəssis kimi daim xatırlayacaqlar.
