Səudiyyə Ərəbistanı Krallığının Milli günü münasibəti ilə Bakıda qəbul keçirilib
30/09/2016
23 sentyabr 2016 -ci il tarixində Şərqşünaslıq fakültəsinin Ərəb və İran filologiyası kafedralarının bir qrup əməkdaşı “Fairmont Hotel Baku”da Səudiyyə Krallığının milli gününə həsr olunmuş tədbirdə dəvətlilər sırasında idi. Səudiyyə Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Mesaad İbrahim Əl-Sulaim iki ölkə arasındakı siyasi-iqtisadi və mədəni əlaqələrdən söhbət açmışdır. Cənab səfir bu işdə Azərbaycan şərqşünaslarının xidmətlərini yüksək qiymətləndirmişdir
APA-nın məlumatına görə, qəbul zamanı çıxış edən Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Müsaid bin İbrahim əs-Süleym 1932-ci il 23 sentyabr tarixində ölkəsinin Səudiyyə Ərəbistanı Krallığı altında birləşdiyini qeyd edib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı dərin dini və tarixi köklərlə bağlı olduğu Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verir və hazırda iki ölkə əlaqələrin mühüm mərhələsini yaşayır: "İki ölkə arasında qarşılıqlı dostluq əlaqələri durmadan güclənir. İkitərəfli əlaqələrin inkişafına dair imzalanmış bir çox mühüm saziş xüsusən iqtisadi-ticarət və investisiya sahələrində münasibətləri inkişaf etdirib. Ölkəmiz Azərbaycanla əlaqələri möhkəmləndirmək kursunu gələcəkdə də inkişaf etdirərək, islam və beynəlxalq təşkilatlar çərçivəsində onunla birgə əməkdaşlıq və səyləri koordinasiya edəcək”.
Daha sonra çıxış edən Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu və ölkələr arasında mehriban dostluq və tərəfdaşlıq münasibətinin formalaşdığını qeyd edib: “İkitərəfli münasibətlərimizin inkişafı baxımından Müştərək Hökumətlərarası Komissiya böyük əhəmiyyət daşıyır. Komissiyanın Bakıda keçirilmiş son iclası çox məhsuldar olub. İnanıram ki, bu ilin noyabrında Səudiyyə Ərəbistanında keçiriləcək iclas da iqtisadi əlaqələrin inkişafına töhfə verəcək”.
