Homeaz | en | ru

Şərqşünaslıq fakültəsinin əməkdaşlarının yeni monoqrafiyaları işıq üzü görüb

06/02/2021

Şərqşünaslıq fakültəsinin əməkdaşlarının müəllifliyi ilə samişünaslıqla bağlı monoqrafiyalar işıq üzü görüb.

 

Samişünaslıq müstəqil bir elm sahəsi kimi artıq XIX əsrdə formalaşmağa başlamış, qrammatikaya aid mühüm əsərlər, lüğətlər, çoxcildli tarixi kitablar, ədəbiyyat topluları, orta əsr sami filoloqlarının əsərlərinin təhlili və s. kimi tədqiqat işləri çap edilmiş, nəticədə samişünaslıq müxtəlif qollara bölünmüşdür. Sami dilçiliyinin tədqiqi sahəsində öz əsərləri ilə yadda qalan T. Nöldeke, V. Qezenius, K. Brokkelman və s. görkəmli samişünasların əsərləri ilə tanış olmadan sami dilləri ilə bağlı fundamental elmi tədqiqat işi yazmaq mümkün deyil.

Keçmiş postsovet məkanında samişünaslıq əsasən iki istiqamətdə ‒ ərəbşünaslıq və hebraistika üzrə inkişaf etmiş, arameistika, efiopiaşünaslıq və s. sahələr formalaşmağa başlamışdır. Peterburq, Moskva, Tbilisi, Bakı və Daşkənddə nüfuzlu samişünaslıq məktəbləri meydana gəlmişdir. Bu gün istifadəyə verilən kitablar əsası professor Ə. Məmmədov tərəfindən qoyulmuş Bakı Samişünaslıq Məktəbinin uğurla inkişaf etdiyini sübut edən amillərdəndir.

Müasir dövrümüzdə dünyanın əksər universitetlərində sami dillərini ayrı-ayrılıqda və müqayisəli şəkildə tədqiq edən kafedralar fəaliyyət götərir. Azərbaycanda da müqayisəli samişünaslıq məktəbinin formalaşması, zənnimizcə, məqsədəuyğun, bəlkə də, çox vacibdir.

Kitabların yazılmasında respublikamızda inkişaf edən hər iki sami dili məktəbinin nəzəri-təcrübi nailiyyətlərindən bəhrələnərək yeni və fundamental  tədqiqat işləri qələmə alınmışdır. Kitabın hazırlanmasında respublikamızda çapdan çıxmış dilçilik əsərləri ilə yanaşı rus, avropa, ərəb və israil samişünaslarının əsərlərindən, həmçinin bu sahə üzrə dünyanın müxtəlif ölkələrində çap olunmuş dövri elmi nəşrlərdən istifadə olunmuşdur.

Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən və Sami dillərinin müqayisəli qrammatikası adını daşıyan bu layihə iki kitabdan ibarətdir.

1. Sami dilləri tarixi

2.Sami dillərinin müqayisəli qrammatikası

Kitabın müəllifləri Ərəb filologiyası kafedrasının dosentləri Təranə Hüseynbalayeva və Heybət Heybətov, baş məsləhətçisi mərhum akademik V.M.Məmmədliyev, elmi redaktor, akademik R.B.Hüseynov, rəyçilər dosent V.A.Qaradağlı, f.ü.f.d.L.M.Orucova və samişünas S.C.Fərzəliyevdir.





Bookmark and Share