Şərqşünaslıq fakültəsinin tələbələri Türkiyədə
17/09/2015Şərqşünaslıq fakültəsinin Türkiyə üzrə regionşünaslıq ixtisasının 4-cü kurs tələbələri Günay Eminova, Lalə Abdinova, Asya Ağayeva və Qulammirzə Məmmədli 13 iyul – 22 avqust tarixlərində Yunus İmrə İnstitutunun təşkilatçılığı ilə İstanbulda təşkil olunmuş Turkoloji Yaz Okulunda iştirak etmişdir. Tələbələr yay məktəbində türk dili, Osmanlı türkcəsi, Eski türk ədəbiyyatı, Yeni türk ədəbiyyatı, Osmanlı tarixi və Türk Kinosu tarixi fənlərindən mühazirələr dinləmişlər. Böyük maraq və həvəslə Yunus İmrə İnstitutu tərəfindən təşkil olunan gəzintilərə qatılaraq İstanbulun bir çox görməli və tarixi məkanlarına səyahət etmiş, Türkiyənin qaynar həyatının canlı şahidi olmuşlar. Tələbələr həftənin müəyyən günlərində Türkiyənin tanınmış rejissor, aktyor və jurnalistləri ilə görüşlərdə, eləcə də məşhur müğənnilərin konsertlərində iştirak etmişdir. Yay məktəbinin son günü, yəni 22 avqust tarixində Türkiyənin Anadolu bölgəsində təşkil olunan Türkcə Yaz Okulunda iştirak edən Şərqşünaslıq fakültəsinin digər tələbələri Asya Abdullayeva, Salam İbrahimov, Aytən Mustafayeva ilə birlikdə kursların bağlanış mərasimində bənzərsiz iftixar hissi ilə Azərbaycan xalq mahnılarını ifa etmişlər. Türkiyədə təşkil olunan Yaz məktəbi sayəsində tələbələr həm regionşünaslıq sahəsində biliklərini daha da artırmış, həm də dünyanın müxtəlif yerlərindən gəlmiş tələbələrlə dostlaşmış və fikir mübadiləsi gerçəkləşdirmişdir.
Şərqşünaslıq fakültəsinin IV kurs tələbəsi Günay Eminova
