Homeaz | en | ru

Şərqşünaslıq fakültəsinin tədris işləri üzrə dekan müavini Cavanşir Məmmədzadə Təbriz Universitetində

18/09/2015

Şərqşünaslıq fakültəsinin tədris işləri üzrə dekan müavini  Cavanşir Məmmədzadə Təbriz Universitetində xüsusi sertifikatla təltif olunmuşdur

BDU-nun “Gənc alimlər” şurasının üzvü, Şərqşünaslıq fakültəsinin bakalavriatura üzrə dekan müavini Cavanşir Nadir oğlu Məmmədzadə 2015-ci ilin avqust ayında İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət mərkəzinin dəvəti ilə fars dili və ədəbiyyatına dair ixtisasartırma kurslarında iştirak etmək üçün bir qrup ziyalı və tələbələrlə birlikdə Təbriz Universitetinə səfər etmişdir. Azərbaycandan gəlmiş qonaqları İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət mərkəzinin müdiri dr. İbrahim İbrahimi, Təbriz Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri və “Azərbaycanşünaslıq” mərkəzinin müdiri prof. Əhməd Fərşbafian qəbul etmişdir. Nümayəndə heyətinə Təbriz Universiteti barədə bukletlər təqdim olunmuş, 116 hektar sahəsi olan təhsil ocağının yaranması, 27 min tələbənin cəmləşdiyi 22 fakültənin strukturu və fəaliyyəti, təhsilin bakalavriatura, magistratura və doktorantura səviyyələrində tədrisin təşkili, universitetin tərkibindəki elmi-tədqiqat institutlarının iş istiqaməti, xarici ölkə xalqlarının dil və ədəbiyyatının tədris olunduğu filologiya fakültəsi barədə dolğun məlumat verilmişdir.  Daha sonra filologiya fakültəsinin fars dili və ədəbiyyatı üzrə professor-müəllim heyəti ilə geniş tərkibdə görüş keçirilmişdir. Görüşdə gündəlik elmi seminarların təşkilinə qərar verilmişdir. Seminarlarda fars dili və ədəbiyyatının müxtəlif mövzularına dair fikir mübadilələri aparılmış, bu elm sahələrinin müasir problemləri və onların həlli yolları, hər iki ölkədə fars dili və ədəbiyyatına dair nəşr olunan elmi əsərlər, alimlərin qarşılıqlı əlaqələri haqqında ətraflı söhbət açılmışdır. Müasir fars ədəbiyyatına dair həsr olunan seminarda C.N.Məmmədzadə “İranda “yeni şeir“ ədəbi cərəyanı və Nima Yuşicin fəaliyyəti” barədə öz fikir və mülahizələrini iranlı həmkarları ilə paylaşmışdır. Təbriz Universitetinin zəngin Milli kitabxanası və “Azərbaycanşünaslıq” mərkəzinin fəaliyyəti ilə yaxından tanış olan C.N.Məmmədzadə Azərbaycanşünaslığa dair aparılan elmi tədqiqat işləri, Universitetin filologiya fakültəsində Azərbaycan dilinin tədrisi vəziyyəti ilə maraqlanmışdır. Azərbaycan dilinin tədrisinin yüksəldilməsi və keyfiyyətinin artırılması məqsədilə C.N.Məmmədzadə bir sıra tövsiyə və təkliflərlə çıxış etmişdir. Tövsiyə və təklifləri yüksək qiymətləndirən fakültə rəhbərliyi bu sahədə Bakı Dövlət Universiteti ilə əməkdaşlığın faydasından söhbət açmışdır. Fars dili və ədəbiyyatına dair ixtisasartırma kurslarında fəal iştirakına və məzmunlu məruzəsinə görə C.N.Məmmədzadə Təbriz Universiteti tərəfindən xüsusi sertifikatla təltif edilmişdir.

BDU və digər universitet tələbələrinin də qatıldığı səfərdə Təbrizin bir sıra gəzməli-görməli məkanlarına və müxtəlif dövrlərə aid eksponatlarla zəngin muzeylərinə, eləcə də Səhənd şəhəri yaxınlığında yerləşən qədim Kəndovan dağ kəndinə ekskursiyalar təşkil olunmuşdur.

 

 

 

Bookmark and Share