Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının əməkdaşının müsahibəsi Küveytdə dərc edilib
09/06/2017Şərqşünaslıq fakültəsi Ərəb filologiyası kafedrasının baş müəllimi f.ü.f.d. Heybət Heybətov Küveytin Əl-Cəridə qəzetinə müsahibə verib. İlk öncə H.Heybətov haqqında məlumat verən qəzet onun görkəmli Misir leksikoqraf və ədibi olan İbn Mənzurun “Lisan əl-ərəb” əsəri ilə bağlı doktorluq dissertasiyası üzərində işlədiyini, ərəb dili və ədəbiyyatı, eyni zamanda Azərbaycan ədəbiyyatı, həmçinin ədəbi tənqid kimi elm sahələri ilə məşğul olduğunu qeyd edib. Müsahibə müəllifi İbn Mənzurun bir ədib və leksikoqraf kimi ərəb dili və ədəbiyyatının, ərəblərə məxsus milli adət və ənənələrin qorunub, bu günədək gəlib çatmasında oynadığı roldan danışıb. H.Heybətov daha sonra ərəb dilinin Bakı Dövlət Universitetində tədris edilməsindən söhbət açıb.
Müsahibə zamanı azərbaycan ədəbi tənqidi ilə əlaqədar fikirlərini bölüşən H.Heybətov Sovet dövründə Azərbaycan ədiblərinin fəaliyyətindən, repressiyaya məruz qalmış M.Müşfiq və H.Cavid kimi görkəmli şairlərin həyat və yaradıcılığından, Azərbaycan ədəbiyyatı ilə rus ədəbiyyatı arasındakı əlaqədən bəhs edib. Ərəb ədəbiyyatı ilə əlaqədar bir sıra məsələlərə toxunan H.Heybətov orta əsrlərdə ərəblərin özünə ustadlıq etmiş görkəmli Azərbaycan ədibi Xətib Təbrizinin ümumiyyətlə ərəb cahiliyyə şerinin, xüsusilə də Əbu Təmmamın ən gözəl şərhçilərindən olduğunu qeyd edib.
