Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasında dəyirmi masa keçirilib
19/09/2022Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasında görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın xatirəsinə həsr edilmiş dəyirmi masa keçirilib.
Dəyirmi masada fakültə rəhbərliyi, Ərəb filologiyası kafedrasının müəllimləri və ərəb dili ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər.
Ərəb filologiyası kafedrasının müdiri, dosent Vüqar Qaradağlı isə bildirib ki, Aida İmanquliyeva korifey şərqşünas kimi Şərqşünaslıq fakültəsinin məşhur məzunları arasında xüsusi yer tutur. O, müasir ərəb ədəbiyyatının tədqiqində yeni səhifə açıb, öz fundamental araşdırmaları ilə təkcə Azərbaycan şərqşünaslığını deyil, dünya şərqşünaslığını da zənginləşdirib və inkişaf etdirib.
Aida İmanquliyevanın tələbəsi, Ərəb filologiyası kafedrasının müəllimi Aytən Əlizadə görkəmli alimlə bağlı xatirələrini bölüşüb.
Dosent Çinarə Mütəllimova alimin tədqiq etdiyi sahənin unikal bir sahə olduğunu, ilk dəfə məhcər ədəbiyyatının nümayəndələrinin məhz Aida İmanquliyeva vasitəsi ilə Azərbaycan elminə tanıdılmasını vurğulayıb.
Sonda şərqşünas-alimin həyat və fəaliyyəti barədə tələbələrin sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

