Homeaz | en | ru

Şərqşünaslıq fakültəsinin nümayəndəsi BDU kollektivi ilə Cocuq Mərcanlıya səfər edib

14/05/2019

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə BDU-nun rektoru Elçin Babayev, müəllim-tələbə heyəti və aprel döyüşlərində iştirak etmiş universitetin tələbə qaziləri 9 may 2019-cu il tarixində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər ediblər. Səfərdə Şərqşünaslıq fakültəsindən sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Şahin Yusifli də iştirak etmişdir.

BDU-nun 100 illik yubileyi çərçivəsində baş tutan səfərdə iştirakçılar əvvəlcə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin iştirakı ilə 2017-ci ildə Füzuli rayonunun Alxanlı kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində qətlə yetirilən 2 yaşlı Zəhra Quliyevanın və nənəsi Sahibə Allahverdiyevanın məzarını və abidəsini ziyarət edib, ailə üzvləri ilə görüşüblər.

Horadiz şəhərində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, xatirəsinə ehtiramlarını bildirən BDU kollektivi, eyni zamanda, “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edib, ərazi bütövlüyümüz uğrunda həlak olan şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər.

Sonra Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin kollektivi ilə görüş keçirilib. Universitet nümayəndələrini Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, adıçəkilən məktəbin müəllim və şagirdləri qarşılayıblar.

BDU kollektivi məktəbdə yaradılmış şəraitlə tanış olub, sinif otaqları, fənn kabinetləri, kitabxana, laboratoriyaya baxış keçiriblər. Sonra məktəbdə “Bakı Dövlət Universiteti: tədris otağı”nın açılışı olub. Sonra kəndin “Qayıdış” İcma klubunda həmin ərazidə hərbi xidmət keçən əsgərlərin iştirakı ilə Füzuli Dövlət Dram Teatrının təqdimatında tamaşa nümayiş olunub, universitet tələbələrinin ifasında milli-vətənpərvərlik ruhunda musiqi nömrələri, o cümlədən “Ana mən şəhid oldum”, “Cənab leytenant” mahnıları böyük coşqu ilə qarşılanıb.

Səfər müddətində BDU kollektivi Cocuq Mərcanlıda yerləşən hərbi hissəyə baş çəkib, əsgərlərlə görüşüb, onlarla birlikdə nahar ediblər. Sonda universitet əməkdaşları Cocuq Mərcanlı məscidini ziyarət edib və kəndin şəhid ailələri ilə görüşüblər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bookmark and Share