Şərqşünaslıq fakültəsinin əməkdaşları Aprel döyüşlərinin iştirakçısı və Vətən müharibəsi şəhidinin şəhadət ildönümü ilə bağlı məzarını ziyarət ediblər
08/10/2022Şərqşünaslıq fakültəsinin əməkdaşları Aprel döyüşlərinin iştirakçısı və Vətən müharibəsi şəhidi Vüqar Məmmədovun şəhadət ildönümü ilə bağlı mərasimdə iştirak edib, məzarını ziyarət ediblər.
09 oktyabr Aprel döyüşlərinin iştirakçısı və Vətən müharibəsi şəhidi Vüqar Məmmədovun şəhadət günüdür. Şərqşünaslıq fakültəsinin əməkdaşları universitet Tələbə Həmkarlar Təşkilatı Komitəsinin dəstəyi ilə şəhidin ildönümü mərasimində iştirak edib, məzarını ziyarət edərək gül dəstələri qoyublar. Qeyd etmək lazımdır ki, şəhid Vüqar Məmmədov 2011–2015-ci illərdə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində təhsil almışdır. 2015-ci ildə Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunları sıralarında həqiqi hərbi xidmətə başlayan Vüqar Məmmədovun xidməti müddətində Azərbaycan-Ermənistan orduları arasında dördgünlük müharibə baş vermişdir.
Əsgər Məmmədov döyüşlərin ilk günlərindən etibarən həmin müharibədə iştirak etmişdir. Hərbi xidmətdə topçu vəzifəsində və manqa komandiri kimi xidmət etmişdir. 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan-Ermənistan arasında İkinci Qarabağ müharibəsi başladıqdan sonra könüllü olaraq Füzuli rayonu istiqamətindəki döyüşlərə yollanmışdır.
Vüqar Məmmədov 2020-ci ilin 9 oktyabr tarixində Füzuli şəhər mərkəzinin azad edilməsi uğrunda aparılan Füzuli əməliyyatının gedişatında, baş verən şiddətli döyüşlər zamanı düşmən snayperinin açdığı atəş nəticəsində şəhid olmuşdur.
Allah rəhmət eləsin.

