Homeaz | en | ru

Şərqşünaslıq fakültəsinin kollektivi professor, iqtisadçı, hüquqşünas alim Mehmet Yüce ilə görüş keçirib

07/10/2022

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası – İqtisad fakültəsinin dekanı, professor, iqtisadçı, hüquqşünas alim Mehmet Yüce ilə görüş keçirilib. Tədbirdə Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan, dekan müavini Nigar İsmayılzadə, Türk filologiyası kafedrasının müdiri vəzifəsini icra edən Rüfət Rüstəmov, Türk filologiyası kafedrasının əməkdaşları iştirak etdilər. Professor tədbirdə “Türk dünyası və Qarabağ Zəfəri” mövzusunda məruzə ilə çıxış etdi. Mehmet Yüce Türk dünyasının  böyük bir mədəniyyətə malik coğrafi məkan olduğunu vurğuladı.  Türk Dünyası dedikdə müstəqil dövlətlər, muxtar respublikalar, başqa ölkələrdə yaşayan türklər nəzərdə tutulduğunu qeyd edən məruzəçi Qarabağ müharibəsi və regionda inkişafla bağlı perspektivlər mövzularına da  toxundu.  Alim eyni zamanda türkdilli xalqların birliyindən, Türk dövlətləri ilə ictimai-siyasi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətli olduğundan danışdı. Mehmet Yüce Türk dövlətlərinin iqtisadiyyatı, xüsusilə də sənayesinin müxtəlif sahələri haqqında da fikirlər səsləndirdi.

Məruzəçi fakültənin müəllim və tələbə heyətinin sualarını ətraflı şəkildə cavablandırdı. Tədbirin sonunda professor Mehmet Yüce Şərqşünaslıq fakültəsinə müəllifi olduğu “Azerbaycan-Türkiye kardeşliğin bayraklara yansıması” kitabını hədiyyə etdi.

 

 

 

Bookmark and Share