Şərqşünaslıq fakültəsinin bir qrup professor -müəllim heyəti görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Ələsgər Məmmədovun anadan olmasının 100 illik yubileyi münasibətilə, görkəmli alimin məzarını ziyarət edib
09/10/2019Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin bir qrup professor -müəllim heyəti görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Ələsgər Məmmədovun anadan olmasının 100 illik yubileyi münasibətilə, görkəmli alimin məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı önünə gül dəstələri qoyublar.
Ələsgər Məmmədov 10 oktyabr 1919-cu ildə Bakının Keşlə kəndində anadan olmuş, 5 yaşından ata və anasını itirmiş, əmisinin himayəsində yaşamışdır. 7 illik məktəbi bitirdikdən sonra N.Nərimanov adına Bakı Sənaye Texnikumuna (1933-1937) daxil olmuş, təqribən 14-15 yaşından etibarən müstəqil həyata başlamışdır. Sonralar Azərbaycan Pedaqoji İnstitutunun xarici dillər fakültəsinin alman dili şöbəsini (1937-1941), Moskva Hərbi Xarici Dillər İnstitutunun ərəb dili şöbəsini (1941-1944) bitirmişdir. Əmək fəaliyyətinə Bakı Xüsusi Hərbi Dəniz Məktəbində alman dilinin tədrisi ilə başlamış Ələsgər Məmmədov 1945-ci ilin fevralından 1947-ci ilin avqust ayınadək SSRİ Xarici İşlər Nazirliyində Yaxın Şərq Ölkələri şöbəsinin böyük referenti vəzifəsində çalışmışdır. İşlədiyi 2 il yarım ərzində Almaniya Xarici İşlər Nazirliyinin ələ keçirilmiş diplomatik sənədlərinin böyük bir qismini (30-dan artıq) alman dilindən rus dilinə tərcümə etmişdir. SSRİ Xarici İşlər Nazirliyinin xətti ilə 1945-ci ilin dekabr ayından 1946-cı ilin fevral ayınadək Nürnberq Beynəlxalq Hərbi Tribunalda alman dili tərcüməçisi kimi iştirak etmişdir. Ələsgər Məmmədov həmin prosesdə iştirak edən iki azərbaycanlıdan biri olmuşdur.
Ələsgər Məmmədov həyatının bu dövrü haqqında bildirirdi ki, gənc mütəxəssis kimi alman dilindən imtahan verərkən, imtahanı qəbul edən məşhur alim, alman dili qrammatikasının müəllifi Qrabor-Passak ondan razı qalmış və Qrabor-Passakın məsləhəti ilə o, alman dili tərcüməçisi kimi Nürnberq beynəlxalq hərbi tribunalına göndərilmişdir. Qeyd etmək lazımdır ki, Nürnberq prosesində iştirak edərkən Ələsgər Məmmədovun 26 yaşı var idi. Azərbaycan Sovet Ensiklopediyasının "Nürnberq mühakiməsi (1945)" məqaləsində Ələsgər Məmmədovun Nürnberq mühakiməsində Sovet nümayəndəliyi tərkibində alman dili tərcüməçisi kimi iştirak etməsi göstərilmişdir.
Ələsgər Məmmədov 1947-ci ilin avqust ayından Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsində çalışmışdır. O, 1947-1950 illərdə Universitetdə baş müəllim vəzifəsində işləmiş, 1948-1950 illərdə ərəb dili ixtisası üzrə aspiranturaya daxil olmuş, 1953-cü ildə filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1954-cü ildə dosent, 1967-ci ildə professor olan Ə.Məmmədov 1992-ci ildə əməkdar elm xadimi, 1994-cü ildə isə pedaqoji elmlər doktoru alimlik dərəcəsini almış və Azərbaycanda müdafiə etmədən doktorluq dərəcəsi alan ilk alim olmuşdur. Alimlərin dediyinə görə, onun yazdığı hər bir dərslik doktorluq dərəcəsi almaq üçün kifayət idi. Ələsgər Məmmədov 1957-ci ildə Azərbaycanda ərəbşünaslıq məktəbinin əsasını qoymuşdur. Bu məktəbin ilk tələbələrindən olan, AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov tərtibçisi olduğu və tərcümələrin əksəriyyətini etdiyi "Şərq fəlsəfəsi (IX-XII əsrlər)" (Bakı Dövlət Universiteti nəşriyyatı, 1999) kitabını professor Ələsgər Məmmədov tərəfindən əsası qoyulmuş Azərbaycan ərəbşünaslıq məktəbinin 40 illiyinə ithaf etmişdir. Ə.Məmmədov Ərəb dili kafedrasını yaradaraq 29 il onun müdiri işləmişdir. O, Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində "Ərəb ölkələrinə yayım" şöbəsinin yaradılmasının təşəbbüskarlarından biri və ilk redaktoru olmuş, "Dostluq" cəmiyyətinin yaranmasında yaxından iştirak etmişdir.
1 dekabr 1999-cu ildə Bakı Dövlət Universitetində Azərbaycanda müasir ərəbşünaslığın banisi Ələsgər Məmmədovun anadan olmasının 80, elmi-pedaqoji fəaliyyətinin 60 illiyinə həsr edilmiş elmi sessiya keçirilmişdir. Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin "Aztelefilm" Yaradıcılıq Birliyi tərəfindən Ələsgər Məmmədovun həyatından bəhs edən "Ömürdən qalan izlər" adlı tammetrajlı film çəkilmişdir. Xidmətləri ilə Müəllimlərin müəllimi kimi yüksək bir ad qazanmış Ələsgər Məmmədovun həyat və fəaliyyəti haqqında həmkarları, tələbələri, ümumiyyətlə, onun yaradıcılığını qiymətləndirənlər tərəfindən çoxlu sayda məqalələr yazılmışdır.
