Homeaz | en | ru

Şərqşünaslıq fakültəsinin 100 illiyi ilə əlaqədar ilk görüş keçirilib

18/04/2022

Şərqşünaslıq fakültəsinin 100 illiyi ilə əlaqədar "Məşhur şərqşünaslarla görüş" seriyası start götürüb. 15 aprel 2022-ci il tarixində Şərqşünaslıq fakültəsinin 100 illiyi ilə əlaqədar "Məşhur şərqşünaslarla görüş” seriyasının ilk görüşü keçirilib. Görüşün qonağı fakültənin 1976-cı il məzunu, İran filologiyası kafedrasının professoru, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin direktoru, f.e.d, AMEA-nın həqiqi üzvü, millət vəkili Rafael Hüseynov olub. Akad. Rafael Hüseynov "Şərşünaslıq fakültəsi 100 il boyunca: ənənələr və perspektivlər" mövzusunda geniş çıxış edib. Natiq, mövzu ilə əlaqədar geniş mətləblərə xitab edən məsələlərə toxunub. İlkin olaraq dünyada şərqşünaslığın yaranması ilə bağlı elmi faktlar, orientalistika ilə bağlı mövcud fikirlər ümumiləşdirilib. Bu sahənin yaranmasını şərtləndirən amillərə nəzər salınıb. Bu məsələlər daxilində Azərbaycan şərqşünaslığı və xüsusilə Bakı şərqşünaslıq məktəbinin tarixi, fakültənin və sahənin yaranmasında əmək sərf edən böyük şərqşünas ordusu, inkişaf yolunda əmək sərf edən xarici və milli kadrlar, fakültənin keçdiyi inkişaf yolunun perspektiv istiqamətləri, böyük şərqşünasların verdiyi tövhələr barədə məlumat verilmişdir. Yüz yaşlı fakültənin yaşaması, irəli getməsi və inkişaf etməsi üçün yeni inkişaf yoluna qədəm qoymasının vacibliyi, bu yolda tələbə və müəllim kollektivinin birgə fəaliyyətinin zəruriliyi qeyd olunmuşdur. Fakültə dekanı dos. Aydan Xəndan məruzə barədə öz fikirlərini ifadə etmiş, tələbələrə belə bir korifey şərqşünasla görüşdükləri üçün şanslı olduqlarını qeyd etmiş, çıxış boyu nəzərə çatdırılan fikirlərin qiymətli və faydalı olması nəzərə çatdırılmışdır. Akad. R.Hüseynov bütün iştirakçılara yüz illiklə əlaqədar təbriklərini çatdırdıqdan sonra, görüş yekunlaşdırılmışdır.







Bookmark and Share