Homeaz | en | ru

Şərqşünaslıq fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib

14/12/2022

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin 100 illik yubileyinə həsr olunmuş  “Azərbaycan şərqşünaslığı Şərq-Qərb elmi-mədəni və ictimai-siyasi dialoqu kontekstində” adlı Beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın açılışında çıxış edən rektor Elçin Babayev zəngin tarixinə malik Şərqşünaslıq fakültəsinin 100 illik yubileyinin qeyd olunmasının Azərbaycan elmi və ölkənin ilk ali təhsil ocağı olan BDU üçün əlamətdar olduğunu bildirib. O qeyd edib ki, Şərqşünaslıq fakültəsi BDU-nun ən nüfuzlu fakültələrindəndir. Fakültənin özəyi BDU-nun yarandığı vaxtda, 1919-cu ildə qoyulub. O zaman Tarix-filologiya fakültəsinin tərkibində həm də Şərq şöbəsi yaradılıb. Üç il sonra Şərq şöbəsinin əsasında müstəqil Şərqşünaslıq fakültəsi fəaliyyətə başlayıb. 1920-ci ildə BDU-ya dəvət olunmuş tanınmış şərqşünas-ərəbşünas, islamşünas, tarixçi-alim, ərəb əsilli professor Panteleymon Juze fakültənin ilk dekanı olub. Onun yorulmaz əməyi, bu sahəyə sonsuz sevgisi sayəsində fakültə formalaşıb, dövrünün məşhur ziyalıları tədris prosesinə cəlb olunub.

Şərqşünaslıq fakültəsinin elmi bazasının formalaşmasında Sankt-Peterburq və Kazan universitetlərinin alimlərinin xüsusi xidmətləri olub. Onlardan dünya şöhrətli alim Nikolay Marr, məşhur dilçi İvan Meşşaninov, görkəmli şərqşünas Vasiliy Bartold, şərqşünas türkoloqlar Aleksandr Samoyloviç, Nikolay Aşmarin, Anastasi Romaşkeviç, Əziz Qubaydulinin adları çəkilə bilər: “Məhz bu görkəmli alimlərin yetirmələri Azərbaycan şərqşünaslığını inkişaf etdirib, dilçilikdə, ədəbiyyatşünaslıqda yeni səhifələr açmağa nail olublar. Şərqşünaslıq sahəsi özünün güclü kadr potensialı sayəsində 1922-ci ildən bu günə qədər zəngin tarixi yol qət edib. Adları artıq fakültə ilə yanaşı çəkilən görkəmli ədəbiyyatşünas-alim, akademik Həmid Araslı, türkoloq professor Bəkir Çobanzadə, tanınmış professorlar Mübariz Əlizadə, Ələsgər Məmmədov, Rəhim Sultanov, Həsən Mahmudov, Əhmədiməhəmməd Şəfai, Malik Mahmudov, Neyyerzaman Hatəmi, Aniyə Ələkbərova, Aslan Eyvazov, Mirzə Rəhimov, Mənzərə Məmmədova, Təhminə Rüstəmova, Xeyri Əl-Abbasi, İsmayıl Şəms, Yusif Ziya Şirvani, Aida İmanquliyeva, Zahid Hüseynov, Vasim Məmmədəliyev kimi alimlərin misilsiz xidmətləri xüsusilə qeyd olunmalıdır”.

Rektor diqqətə çatdırıb ki, fakültə öz tarixi inkişafı dövründə həmişə yüksək tədris və elmi-tədqiqat göstəriciləri ilə seçilib. Fakültədə ərəb, türk, fars dilləri və ədəbiyyatları ilə yanaşı, ibri, urdu, Çin, yapon, Koreya dilləri də tədris olunmağa başlayıb. Fakültənin məzunları arasında peşəkar tərcüməçilər, səriştəli diplomatlar, nüfuzlu ictimai-siyasi xadimlərin sayı kifayət qədərdir.
Elçin Babayev qeyd edib ki, Şərq aləmi əsrlərlə dünya mədəniyyətini, elmini zənginləşdirib, elmi tədqiqatlara, yeni kəşf və ixtiralara təkan verib: “Şərqi öyrənmək, keçmişdən bizə miras qalan qədim əlyazmalarda gizlənən həqiqətləri açmaq, tarixin qapalı səhifələrinə işıq tutmaq məhz şərqşünasların öhdəsinə düşür. Bu gün Şərq-Qərb mədəniyyətlərinin dialoqu böyük əhəmiyyət kəsb edir. Qlobal proseslər, ictimai-siyasi dəyişikliklər mədəniyyətlər arasındakı əlaqələrin möhkəmlənməsi uğrunda fəaliyyətin artırılmasına ehtiyac yaradır.  Bu əlaqələrin sağlam qurulmasında elm xadimlərinin də üzərinə ciddi iş düşür. Şərqin özünəməxsusluğunu dərk etmək, bütün incəlikləri ilə öyrənmək, təhlil etmək, Şərqlə Qərb mədəniyyətlərinin bir-birini daha yaxşı anlamaları üçün ortaq tədqiqatların aparılması olduqca vacibdir. Bu baxımdan qloballaşma şəraitində belə konfransların təşkili böyük əhəmiyyət daşıyır”.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Şərqşünaslıq fakültəsinin yetirmələrinin ümumtürk birliyi ideyasına verdikləri töhfə, bu sahədə Fondun fəaliyyəti haqqında danışaraq, belə konfransların təşkilinin olduqca əhəmiyyətli olduğunu vurğulayıb.
Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan çıxışında fakültənin tarixindən, inkişaf mərhələlərindən, perspektivlərindən danışıb. Fakültənin 100 illik tarixində xidmətləri olan professor-müəllim heyətindən söhbət açaraq, konfransa daxil olmuş 300-ə yaxın tezisin mövzusu və elmi əhəmiyyətinə toxunub.
Daha sonra Şərqşünaslıq fakültəsinin tarixi və fəaliyyəti ilə bağlı video nümayiş etdirilib.

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Milli Məclisin üzvləri - akademik Rafael Hüseynov, BDU-nun Türk filologiyası kafedrasının professoru Jalə Əliyeva, Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru Abdulqafor Kirgizbayev, Ankara Universitetinin elmi işlər üzrə prorektoru Mustafa Fənər, Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin prorektoru Avazbek Vahidov, Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı, professor Pyotr Taraka, Şərqşünaslıq fakültəsinin məsləhətçi professoru Elxan Əzizov, Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə çıxış edərək Şərqşünaslıq fakültəsinin kollektivini yubiley münasibətilə təbrik edib, Azərbaycan şərqşünaslığının inkişaf perspektivləri, aktual problemləri ilə bağlı fikirlərini bölüşüblər.

Sonra BDU rektoru Elçin Babayev tərəfindən təhsildə əldə etdiyi yüksək akademik nəticələrə və Universitetin ictimai həyatında fəal iştirakına görə 2022-2023-cü tədris ilinin I semestri üçün Aida İmanquliyeva adına təqaüd BDU-nun Şərqşünaslıq fakültəsinin III kurs tələbəsi Mohəmmədəli Axundova təqdim edilib.
Tədbirdə Azərbaycanın İordaniya Haşimilər Krallığı, Əlcəzair, Müqəddəs Taxt-Tacda, Səudiyyə Ərəbistanı Krallığında fövqəladə və səlahiyyətli səfirləri Eldar Səlimov, Tural Rzayev, İlqar Muxtarov, Şahin Abdullayevin, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və İndoneziyadakı səfirliklərimizin müşavirləri Cavid Musayev, Elxan Zeynalov və Gültəkin Həbiblinin Şərqşünaslıq fakültəsinin 100 illik yubileyi ilə əlaqədar təbrik məktubları səsləndirilib.

Daha sonra Şərqşünaslıq fakültəsinin tələbələri müxtəlif Şərq dillərində təbriklərini çatdırıblar.

Açılış mərasimi BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin solisti Rəqsanə Əsədovanın ifasında “Qarabağ şikəstəsi” ilə sona çatıb.

Qeyd edək ki, 9 xarici ölkədən (Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Pakistan, İraq, Polşa, Macarıstan), o cümlədən respublikanın bir çox ali təhsil müəssisələri, elmi qurumlarından olan tədqiqatçı və görkəmli şərqşünas məzunların iştirakı ilə keçirilən beynəlxalq elmi konfrans bölmə iclasları ilə davam edir.  
Konfrans öz işini sabah yekunlaşdıracaq.


Xəbərlər

BDU "ASAN xidmət"lə elmi əməkdaşlıq edəcək

BDU "ASAN xidmət"lə elmi əməkdaşlıq edəcək
14/12/2022

BDU-nun Şərqşünaslıq fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfransın açılışı

BDU-nun Şərqşünaslıq fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfransın açılışı
14/12/2022

BDU Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

BDU Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb
14/12/2022
Bookmark and Share