Şərqşünaslıq fakültəsində Pasxa bayramı qeyd edilib
08/04/201706 mart 2017 -ci il tarixində Şərqşünaslıq fakültəsində İbri dili fənn kabinetində Pasxa bayramı münasibətilə mərasim təşkil edilmişdir. Tədbirdə İsrail Dövlətinin Azərbaycandakı Səfirliyinin missiya rəhbərinin müavini cənab Amir Rom və əməkdaşları iştirak etmişdir. Cənab Amir Rom qədim tarixə malik Pasxa bayramının tarixi, keçirilmə qaydası, adət-ənənəsi barədə tələbələrə geniş məlumat vermişdir. Ərəb filologiyası kafedrasının dosentləri Təranə Hüseynbalayeva, Gülnarə Abdullayeva, müəllimə Gülər Qasımova və İsrail üzrə regionşünaslıq ixtisasının tələbələrinin iştirakı ilə aparılan səmimi söhbət bayram süfrəsi arxasında davam etmişdir. Açılan süfrə bayramı simvolizə edən nemətlərlə bəzədilmişdir. Tədbirin sonunda dekan müavini Cavanşir Məmmədzadə Azərbaycan- İsrail ədəbi-mədəni və tarixi əlaqələrindən söhbət açmış, maraqlı təşəbbüsə görə İsrail Dövlətinin Azərbaycandakı Səfirliyinin əməkdaşlarına təşəkkürünü bildirmişdir. Cənab Amir Rom da eyni zamanda səmimi qəbula, iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsində göstərdikləri xidmətə və yaradılan şəraitə görə BDU və Şərqşünaslıq fakültəsinin rəhbərliyinə dərin minnətdarlığını ifadə etmiş, bu qəbildən olan tədbirlərin davamlı olmasını diləmişdir.
