Şərqşünaslıq fakültəsində magistr dissertasiyalarının onlayn müdafiəsi keçirilib
24/07/2020
Şərqşünaslıq fakültəsində “Filologiya” ixtisasının “Dilşünaslıq (ərəb, fars, türk və yapon dilləri)” və “Ədəbiyyatşünaslıq (fars və urdu ədəbiyyatları)” ixtisaslaşmaları üzrə magistr dissertasiyalarının onlayn müdafiəsi keçirilib. Magistr dissertasiya şuraları müvafiq ixtisaslaşmalar üzrə professor Elxan Əzizov, professor Mehdi Kazımov, professor Oqtay Cəlilbəyli və professor Rüfət Rüstəmovun sədrlikləri ilə fəaliyyətə başlayıb. Müdafiəyə çıxarılan dissertasiya işləri geniş şəkildə referat təqdim etməklə Azərbaycan və rus dillərində yerinə yetirilib.
Virtual qaydada baş tutan müdafiələrdə “Müasir ərəb dilçiliyində söz yaradıcılığının tarixinə dair”, “”Quran-i Kərim”də metateza hadisəsi”, “İbridilli mənbələrdə toponimlər”, “Türk dilində cümlə üzvlərinin qrammatik bölünməsi”, “Oğuz qrupu türk dillərində qoşma”, “Azərbaycan və fars dillərinin fonem inventarı”, “Xacu Kirmaninin “Samnamə” poeması”, “Səid Nəfisinin “Nim-e rah-e beheşt” romanı” və sair mövzulardakı dissertasiya işləri iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Elmi rəhbər və rəyçilər müdafiəyə buraxılan işlər haqqında müsbət fikirlər söyləyiblər. Magistrantların elmi və peşə hazırlığı, elmi diskussiya aparmaq bacarıqları, Şərq dillərində sərbəst danışmaq qabiliyyətləri yüksək qiymətləndirib. Dissertasiya müdafiə edən magistrantlar müvəffəq qiymət alıblar.

