Şərqşünaslıq fakültəsində “Dil bayramı”
04/05/201629 aprel 2016-cı il tarixdə BDU- nun şərqşünaslıq fakültəsində İran filologiyası kafedrasının təşkilatçılığı ilə I kurs tələbələrinin fars və urdu dilləri üzrə ənənəvi ”Əlifba bayramı “ tədbiri keçirilmişdir. Təntənəli surətdə təşkil olunan mərasimdə qonaq qismində Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab X. U. Qaiser, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Mədəniyyət Mərkəzinin müdiri doktor İ. İbrahimi, Əfqanıstan Respublikasının Azərbaycandakı Səfirliyinin mədəniyyət işləri üzrə müşaviri cənab A.Aruin, Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin birinci katibi D.Əhmədov, BDU-nun Xarici tələbələrlə iş üzrə dekanı G.Rəhimova və fakültənin professor-müəllim, tələbə heyəti iştirak etmişdir.
Tədbiri giriş sözü ilə İran filologiyası kafedrasının müdiri prof. Mehdi Kazımov açdı. Təşrif gətirmiş qonaqları salamlayan natiq hər il ənənəvi olaraq, bu bayramının baharda təntənəli surətdə keçirilməsinin əhəmiyyətindən, fars və urdu dillərinin öyrənilməsində əlifbanın başlanğıc rolundan, dillərin mənimsənilməsindən danışmışdır. Daha sonra Şərqşünaslıq fakültəsinin dekanı prof. Elxan Əzizov çıxış edərək, şərqşünaslıq fakültəsində fars və urdu dillərinin tədris tarixindən və bu sahədəki kadr hazırlığından söz açmışdır.
İran və Pakistan üzrə regionşünaslıq ixtisasları üzrə təhsil alan tələbələrin ”Əlifba bayramı “ Azərbaycan Respublikasının dövlət himninin sədaları altında başladı. İran üzrə regionşünaslıq ixtisasının tələbələri əvvəlcə İranın dövlət himnini səsləndirdilər. Aparıcılar qonaqları salamlayaraq, İrana dair hazırladıqları çıxışları, Azərbaycan-İran əlaqələri haqqında fikirlərini video çarx vasitəsilə nümayiş etdirdilər. Daha sonra 1460-cı qrup tələbələri İranın məşhur ədiblərinin yaradıcılığından müxtəlif şeir, hekayə, atalar sözləri və folklor nümunələrini təqdim etdilər.
Pakistan üzrə regionşünaslıq ixtisasının tələbələri də öz çıxışlarını Pakistanın dövlət himnini səsləndirməklə başladılar. Onlar həmin ölkə haqqında müxtəlif məlumatları və şeirləri iştirakçıların diqqətinə çatdırdılar. 1466-cı qrup tələbələrinin urdu dilində ifa etdikləri mahnı salonda böyük coşqu yaratdı və alqışlarla qarşılandı.
Tələbələrin səhnə nümayişindən sonra çıxış edən Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab X. U. Qaiser və İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Mədəniyyət Mərkəzinin müdiri doktor İ. İbrahimi tələbələrin çıxışlarına yüksək qiymət verərək, qısa müddətdə əldə olunan nəailiyyətlərin böyük zəhmətin nəticəsi kimi dəyərləndirdilər. Onların gələcəkdə ölkələr arasında bütün sahələrdəki əməkdaşlığın möhkəmlənməsinə böyük töhfələr verəcəyinə əminlik ifadə etdilər.
Çıxış edən natiqlər tələbələrin qısa bir zamanda fars dilini yüksək səviyyədə öyrənməsində böyük zəhməti olan ixtisas müəllimləri İran filologiyası kafedrasının baş müəllimi Cavanşir Məmmədzadəyə və Leyla Məmmədovaya, eləcə də urdu dili müəlliməsi Amaliya Paşayevaya öz dərin təşəkkürlərini bildirdilər. Müəllimlər adından nitq söyləyən Cavanşir Məmmədzadə bu cür tədbirlərin təşkilinin ölkələrimiz arasında bütün sahələrdə qarşılıqlı əməkdaşlığın və çoxşaxəli münasibətlərin inkişafında əhəmiyyətli rola malik olduğunu vurğuladı. Bədii hissə bitdikdən sonra tədbir ziyafət masası arxasında davam etdi
