Homeaz | en | ru

Şərqşünaslıq fakültəsində “Farsdilli nəsrin formalaşması mərhələləri” mövzusunda elmi seminar keçirilib

20/05/2022

Şərqşünaslıq fakültəsində “Farsdilli nəsrin formalaşması mərhələləri” mövzusunda elmi seminar keçirilmişdir. Seminarın məruzəçisi İran filologiyası kafedrasının müəllimi, f.ü.f.d. Familə Nəcəfova qeyd etmişdir ki, Farsdilli ədəbiyyat qədim və zəngin tarixə malikdir. Bu ədəbiyyatın böyük bir hissəsini poeziya nümunələri təşkil edir. Fars poeziyası dünya ədəbiyyatı tarixinə Əbülqasım Firdovsi, Sədi Şirazi, Hafiz Şirazi, Ömər Xəyyam, Əbdürrəhman Cami kimi dahi şairlər bəxş edərək farsdilli ədəbiyyatın dünya ədəbiyyatının bir qolu kimi formalaşmasında əvəzsiz xidmət göstərmişdir. Lakin farsdilli ədəbiyyat təkcə poeziya nümunələrindən ibarət deyil. Belə ki, İran xalqının böyük bir epos yaradıcılığı olmuş, dastanlarda, nağıllarda, o cümlədən, orta əsrlərə məxsus nəsr əsərlərində xalqın tarixinin qəhrəmanlıq səhifələri, məişət problemləri, mifik-mistik dünyagörüşü, məhəbbət mövzusu öz əksini tapmışdır. Tədqiqatçılar farsdilli ədəbiyyat tarixini “Avesta” ilə bağlayırlar. İran mədəniyyəti tarixində Əhəmənilər dövrünə aid bütün dünyada mixi yazılar kimi məşhurlaşan abidələr, Sasanilər dövrünə aid Pəhləvi ədəbiyyatının nümunələri, orta əsrlərə aid islam dininin qəbulundan sonra qələmə alınmış elmi, macəra, didaktik, dini-mistik məzmunlu əsərlər və nəhayət XX əsrdən etibarən qərb ədəbiyyatından əxz edilmiş novella,  povest, roman  janrı farsdilli bədii nəsrin inkişaf mərhələlərini təşkil edir. Məruzəçi elmi məruzəsində farsdilli nəsrin formalaşması mərhələlərini tarixi aspektdə kompleks şəklində araşdırmışdır.

Elmi seminar diskussiyalarla davam etmişdir.

 

 

Bookmark and Share