Şərqşünaslıq fakültəsində elmi seminar keçirilib
26/04/2023Şərqşünaslıq fakültəsində elmi seminar keçirilmişdir. Seminarın məruzəçisi Türk filologiyası kafedrasının dosenti Nurlanə Mustafayeva “Əhməd bəy Ağaoğlu yaradıcılığı Türkiyə ədəbiyyatşünaslığında” mövzusunda çıxış etmişdir. Məruzəçi Əhməd bəy Ağaoğlunun Azərbaycan qədər Türkiyə üçün də çox önəmli tarixi bir şəxsiyyət olduğunu qeyd etmişdir. Əhməd bəyin xüsusilə Atatürklə olan yaxın dost münasibətlərinin Türkiyədə onun irsinə olan marağı daha da artırdığını söyləmişdir. Məruzəçi Türkiyə Cümhuriyyəti qurularkən Atatürkün məsləhətçisi olması, Türkiyə Cümhuriyyəti Konstitusiyasının qurulmasında, Cümhuriyyətin yarandığı dövrdə verilən önəmli qərarlarda Əhməd bəyin rolunun danılmaz olduğunu qeyd etmiş və onun həm AXC məclisindən, həm də Türkiyə Cümhuriyyəti məclisindən millətvəkili olaraq seçilən yeganə azərbaycanlı olduğunu vurğulamışdır. Əhməd bəy Ağaoğlu nə qədər öz doğma vətənindən uzaqda olsa da, öz millətinin milli kimliyinin formalaşmasında əlindən gələni etmişdir.
Dosent Nurlana Mustafayeva Azərbaycanla Türkiyənin siyasi-ictimai, ədəbi həyatında rol oynamış önəmli tarixi şəxsiyyətlərin irsinə müraciət edərək elmi araşdırmalarına məhz bu istiqamətdə davam edəcəyini bildirdi.
Tədbir Türk filologiyası kafedrasının əməkdaşlarının mövzu ilə bağlı müzakirələri ilə davam etmişdir.
