Homeaz | en | ru

Şərqşünaslıq fakültəsində Beynəlxalq Ərəb Dili Günü qeyd olunub

17/12/2021
Şərqşünaslıq fakültəsində Beynəlxalq Ərəb Dili Günü qeyd olunub.
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Beynəlxalq Ərəb dili Günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının dövlət himni və Vətən müharibəsi şəhidlərinin ruhunun bir dəqiqəlik yad edilməsi ilə başlayıb. İlk olaraq Şərqşünaslıq fakültəsinin tələbələri ərəb dilində qeyd olunan gün barədə məlumatlar təqdim etməklə, sinxron tərcümə simulyasiyasını həyata keçiriblər. Bundan sonra çıxış üçün söz fakültənin dekanı vəzifəsini icra edən Tərlan Məlikova verilib. F.ü.f.d.Tərlan Məlikov, Ərəb filologiyası kafedrasının üzvləri və ərəb dili üzrə təhsil alan tələbələri əlamətdar gün münasibəti ilə təbrik edərək, yaşı yüz ilə yaxın olan Şərqşünaslıq fakültəsində ərəb dilinin tədrisi tarixi, ərəbşünaslıq məktəbinin yaradıcıları, ərəbdilli mütəxəssislərin hazırlanması, semitologiyanın inkişaf yolları və əsas istiqamətləri barədə geniş məlumat vermişdir.
Ardıcıl olaraq Ərəb filologiyası kafedrasının müdiri vəzifəsini icra edən dos. Vüqar Qaradağlı, prof. Elxan Əzizov, prof. Nəsrulla Məmmədov və Mais Ağaverdiyev çıxış edərək, ərəb dilinin dünyəvi əhəmiyyəti, müsəlman dünyasında olan mövqeyi, strukturu və öyrənilməsi, dilin keçdiyi inkişaf yolu, beynəlxalq dilə çevrilməsi, bu dildə yaranan müqəddəs dini kitab olan “Qurani-Kərim”in ərəb dilinin mühafizəsi baxımından əhəmiyyəti, o cümlədən ərəb dilinin müasir problemləri barədə ətraflı çıxışlar ediblər.
Azərbaycanşünas alim, Avrasiya Beynəlxalq Mətbuat Agentliyinin müşaviri Əhməd Sami Elaydi çıxış edərək, ərəb dilinin Azərbaycanda vəziyyəti, ərəb dili üzrə gənc şərqşünasların Azərbaycana verə biləcəyi tövhələr barədə geniş məlumat vermiş, BDU-nun Şərqşünaslıq fakültəsinin müstəsna kadrların hazırlanmasında olan rolundan söhbət açmışdır.
Tədbir tələbələrin çıxışları ilə davam etmişdir. Fakültənin “Dilşünaslıq (ərəb dili)” üzrə birinci kurs magistr tələbəsi Nemət Məmmədov ərəbcə çıxış edərək, ərəb dili üzrə keçdiyi təhsil yolu, Küveytdə bir illik təhsil aldığı dövr, müəllimlərinin üzərində olan əməyi, dilin zənginliyi və strukturu barədə tələbə yoldaşlarına və iştirakçılara məlumat vermişdir.
Sonda fakültənin “Regionşünaslıq (ərəb ölkələri üzrə), “Tərcümə(ərəb dili) ixtisaslarının tələbələri ərəbcə öz təbriklərini çatdırmış, ərəb dili və mədəniyyəti barədə məlumat verdikdən sonra, tədbir yekunlaşdırılmışdır.
Bookmark and Share