Şərqşünaslıq fakültəsində Aida İmanquliyevanın xatirəsi yad olunub
11/10/2022Şərqşünaslıq fakültəsində görkəmli ərəbşünas alim, professor Aida İmanquliyevanın xatirəsi yad olunub. 10 oktyabr Şərqşünaslıq fakültəsinin yetirməsi olmuş, nəcib və xeyirxah insan, o cümlədən görkəmli alim, Azərbaycan şərqşünaslığında ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru olan xanım, professor Aida İmanquliyevanın anım günüdür. Şərqşünaslıq fakültəsində görkəmli alimin xatirəsinin yad edilməsi böyük bir ənənəyə çevrilmişdir. Yetişməkdə olan gənc şərqşünaslar hər il bu tarixdə unudulmaz şərqşünasın xatirəsini yad edir, onun elmi fəaliyyəti ilə yaxından tanış olurlar. Elmi fəaliyyəti boyu Şərq-Qərb mədəni irsinin birgə tədqiqi ilə məşğul olmuş, ərəb məhcər ədəbiyyatının öz dövrünə qədər SSRİ məkanında tədqiq olunmamış nümayəndələrini elmi ictimaiyyətə təqdim etmiş olan Aida xanımın elmi yolu tələbələri daim cəlb etməkdədir. Aida xanım şübhəsiz müasir ərəb ədəbiyyatının tədqiqində yeni səhifə açmış, öz fundamental tədqiqatları ilə təkcə Azərbaycan şərqşünaslığını deyil, dünya şərqşünaslığını da zənginləşdirmişdir. Müasiri olmuş akademik Vasim Məmmədəliyevin dediyi kimi, “Aida xanım təkcə böyük alim deyil, o həm də insan qəlbinin mühəndisi olmuşdur”. Bu il də Aida xanımın doğum günündə onun elmi fəaliyyəti, şəxsiyyəti, xeyirxah əməlləri yad edildi. Şərqşünaslıq fakültəsində keçirilən xatirə tədbirində fakültə dekanı dosent Aydan Xəndan alimin həyat və yaradıcılığı barədə tələbələrə məlumat verdi. Sonra görkəmli alimin həyat və yaradıcılıq yolunu işıqlandıran sənədli filmə tamaşa edildi. Tələbələr öz təəssüratlarını bölüşdülər. Onlar alimin bu gün də aktuallığını qoruyub saxlayan əsərlərinin ərəb ədəbiyyatını araşdıran gənc şərqşünaslar üçün əsas istinad qaynağı olacağını qeyd etdilər. Aida İmanquliyevanın əziz xatirəsi Şərqşünaslıq ailəsinin xatirəsində daim yaşayacaqdır!
