Homeaz | en | ru

Şərqşünaslıq fakültəsində “Heydər Əliyev və Azərbaycançılıq ideologiyası” adlı tədbir keçirilib

10/05/2022
Şərqşünaslıq fakültəsində Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-ci ildönümü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycançılıq ideologiyası” adlı tədbir keçirilib.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, ulu öndər və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Fakültənin dekanı, dos. Aydan Xəndan tədbiri giriş sözü ilə açaraq, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, Ulu Öndərin hakimiyyəti dövründə həyata keçirdiyi daxili və xarici siyasət, xalq içindən çıxan sənətkarlara, şairlərə verdiyi dəyər, Azərbaycanın işıqlı gələcəyi istiqamətində səyləri barəsində geniş məlumat diqqətə çatdırılmış, Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti boyu dövlətçiliyin inkişafı üçün gördüyü işlərdən danışılmış, dahi şəxsiyyətin hələ sağlığında dünya siyasətçiləri arasında sayılıb-seçilən bir şəxsiyyət olduğu vurğulanmışdır.
İran filologiyası kafedrasının baş müəllimi Adil Yəhyayev Ulu Öndərlə bağlı xatirələrdən, onun ədiblərlə rəftarı, elmə və təhsilə verdiyi qiymət, əsl Azərbaycanlıya xas olan təəssübkeşliyi və vətənpərvərliyindən danışmış, real misallarla fikirlərini tamamlamışdır.
Sosial məsələlər üzrə dekan müavini Şahin Yusifli Ulu Öndər Heydər Əliyevi ən yaxşı siyasətçi, rəhbər və inzibatçı, vətənpərvər şəxs, dövlətçiliyin mühafizəçisi, sənət və elmə himayədar qismində real nümunələr əsasında təqdim etmiş, belə dahi şəxsiyyətinin fəaliyyətindən nümunə götürməklə əsl Azərbaycanlı, əsl vətənpərvər və şəxsiyyət olmağın vətənə fayda verəcəyini qeyd etmişdir.
Tədbir tələbələrin çıxışları ilə davam etmişdir. TEC sədri Elnarə Həsənova və digərləri Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın qurulmasında xidmətləri, uşaqlar və gənclərə olan münasibəti, elm və təhsil almaları üçün onlara göstərdiyi qayğı barədə danışmışlar. Bədii hissə bitdikdən sonra tədbir yekunlaşdırılmışdır.

 

Bookmark and Share