Şərqşünaslıq fakültəsi və Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə onlayn ustad dərs keçirilib
13/05/2022Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi və Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Quran qiraətləri: Vərş və Həfs rəvayətlərinin müqayisəli təhlili” mövzusunda onlayn ustad dərs keçirilmişdir. Ustad dərsin məruzəçisi Ərəb filologiyası kafedrasının müdiri, dosent Vüqar Qaradağlı üzərində çalışdığı elmi-tədqiqat işindən bəhs etmişdir. Məruzəçi dünyada ən geniş yayılmış Quran qiraətlərinin (Asimdən edilən Həfs rəvayəti və Nafedən edilən Vərş rəvayəti) fonetik, leksik-qrammatik, qiraət fərqlərinin müqayisəli təhlilini apardığını söyləmişdir. Bu fərqlər arasında ən mübahisəli mövzu olan həmzə samiti ilə bağlı fonetik fərqləri incələmişdir. Qeyd etmişdir ki, tədqiqat işi Azərbaycanda az işlənmiş ərəb fonetikasının öyrənilməsində xüsusi əhəmiyyətə malikdir. Vüqar Qaradağlı ustad dərsin iştirakçılarının suallarını ətraflı şəkildə cavablandıraraq bu kimi görüşlərin mütəmadi olmasını arzulamışdır . Məruzəçi BDU rektorluğuna, xüsusilə Şərqşünaslıq fakültəsinin rəhbərliyinə Daşkənd Dövlət Şərqşünaslıq İnstitutu ilə əməkdaşlıq çərçivəsində belə elmi tədbirin həyata keçməsinə, Daşkənd Universitetinin Ərəb filologiyası kollektivinə də tədbirdə fəal iştirakına görə təşəkkür etdi.
