Şərqşünaslıq fakültəsi “Konstitusiya Günü” ilə bağlı tədbir keçirib
12/11/202012 noyabr 2020-ci il tarixində Şərqşünaslıq fakültəsi Microsoft Teams platforması vasitəsi ilə Azərbaycan Respublikasının “Konstitusiya Günü”nə həsr olunmuş onlayn tədbir keçirmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanmış, dekan müavini Şahin Yusifli professor-müəllim heyəti və tələbələri Qarabağın işğaldan azad olunması münasibəti ilə təbrik etmiş, çıxış üçün sözü fakültənin dekanı professor Elxan Əzizova vermişdir. Dekan, bütün iştirakçıları Vətən müharibəsinin zəfərlə bitməsi, eləcə də Konstitusiya günü münasibəti ilə təbrik etmiş, ali qanunun qəbulu tarixindən, ümummilli lider Heydər Əliyevin bu prosesə rəhbərlik etməsindən söz açmışdır. Bundan sonra söz Türk filologiyası kafedralarının dosenti Aydan Xəndana verilmişdir. O, Qarabağdakı müzəffər savaşdan söhbət açmaqla yanaşı, Konstitusiya günü ilə bağlı fikirlərini çatdırmış, çıxışını Şuşa şəhərinə həsr etdiyi şeir nümunəsi ilə bitirmişdir. Daha sonra söz tələbələrə verilmişdir. İlkin olaraq Tərcümə (fars dili) ixtisasının II kurs tələbəsi, TGT-nın aktiv üzvü Aytac Xudiyeva, sonra isə fakültə THİK-nin sədr müavini, Regionşünaslıq (Yaponiya üzrə) ixtisasının II kurs tələbəsi Kamal Həsənov çıxış edərək, tələbələrin ali qanun barədə fikirlərini, ümummilli lider irsinə olan yanaşmalarını ifadə etmiş, bədii nümunələrlə son günlərdə baş verən xoş xəbərlərə öz müsbət reaksiyalarını bildirmişlər. Tədbir “Konstitusiya Günü”nə həsr edilmiş videoçarxın nümayişi ilə yekunlaşdırılmışdır.
