Şərqşünaslıq fakültəsi Dövlət Bayrağı Gününü qeyd edib
09/11/2020
09 noyabr 2020-ci il tarixində Şərqşünaslıq fakültəsi Microsoft Teams platforması vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş onlayn bayram tədbiri keçirmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanmışdır. Tədbirin moderasiyanı həyata keçirən dekan müavini Şahin Yusifli professor-müəllim heyəti və tələbələri təbrik etdikdən sonra, toplantı barədə qısa arayış vermişdir. İlkin olaraq söz fakültənin dekanı professor Elxan Əzizova verilmişdir. Dekan, bütün iştirakçıları Şuşa şəhərinin azad olunması və bayraq günü münasibəti ilə təbrik etmiş, bayrağın tarixən keçdiyi yol barədə söz açmış, onun müqəddəsliyi və enməzliyi haqda bədii nümunələrdən misal gətirmişdir. Bundan sonra ardıcıl olaraq söz, Ərəb filologiyası və Türk filologiyası kafedralarının müdirləri, dosent Vüqar Qaradağlı və professor Rüfət Rüstəmova verilmişdir. Çıxışlarda Qarabağdakı Vətən müharibəsindən, bayrağımızın azad olunmuş ərazilərdə yüksəldilməsindən söz açılmış, iştirakçılara təbrik və xoş arzular çatdırılmışdır. Daha sonra söz tələbələrə verilmişdir. İlkin olaraq Aprel döyüşlərinin iştirakçısı, Regionşünaslıq (ərəb ölkəri üzrə) ixtisasının sonuncu kurs tələbəsi Heydər Pərvazlı, sonra isə fakültə THİK və TGT təşkilatı sədrləri çıxış edərək, gənclərin Vətən müharibəsində dövründə olan mövqeyi, bayrağa olan müqəddəs yanaşması barədə fikirlərini bildirmişlər. Tədbirin sonunda fakültə TGT-nın təşkilatçılığı ilə Qubanın Xınalıq kəndində çəkilmiş, Dövlət Bayrağı Gününə həsr edilmiş yeni videoçarx iştirakçıların nəzərinə çatdırılmışdır.
