Homeaz | en | ru

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndələri ilə BDU-da görüş keçirilib

20/02/2019

Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə rəsmi səfərdə olanTürkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan-Türkiyə əlaqələrinin inkişafındakı böyük xidmətlərini qeyd edən F.Qurbanov bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

F.Qurbanov ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin bütün sahələrdə, o cümlədən elm və təhsil sferasında inkişaf etdiyinivurğulayaraq münasibətlərin dərinləşməsinin nümunələrindən biri kimi hər iki ölkə vətəndaşlarının Azərbaycan və Türkiyə universitetlərində təhsil almalarını göstərib. Hazırda BDU-nun müxtəlif fakültələrdə onlarla Türkiyə vətəndaşının təhsil aldığını qeyd edən F.Qurbanov, eyni zamanda, Bakı Dövlət Universiteti ilə Ankara Universiteti arasında hüquq sahəsində doktorantura səviyyəsində nəzərdə tutulan ikili diplom proqramı haqqında məlumat verib.

F.Qurbanov Bakı Dövlət Universitetinin Azərbaycan Xalq Cümhuriyyətinin yadigarlarından olduğunu qeyd edərək bu ali təhsil ocağının 100 illik yubiley tədbirlərinin həm ölkə, həm də beynəlxalq səviyyədə qeyd olunacağını vurğulayıb.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım ölkələrimiz arasındakı yüksək səviyyəli əməkdaşlığı, xüsusilə təhsil sahəsində əlaqələri qeyd edərək indiyədək Türkiyə universitetlərində 125 mindən artıq azərbaycanlı tələbənin təhsil aldığını diqqətə çatdırıb. O, Bakı Dövlət Universitetinin 100 illik yubileyinin Azərbaycanın ali təhsil sistemində mühüm hadisə olduğunu deyərək, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupu üzvlərinin yubileytədbirində iştirak etmək istəyini bildirib.

Şamil Ayrım Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun iki ölkə universitetləri arasında ikili diplom proqramının təsis olunması, müvafiq elmlər sahəsində əməkdaşlığın qurulması, birgə tədqiqat proqramlarının həyata keçirilməsi timsalında təhsil əlaqələrinin genişləndirilməsinə və tələbə mübadiləsinə dəstək verməyə hazır olduğunu da vurğulayıb.

 

Bookmark and Share