Homeaz | en | ru

Ərəb filologiyası kafedrasının dosenti Ç.Mütəllimovanın “Azərbaycan və ərəb qəhrəmanlıq dastanlarında oxşar süjet və motivlər” və “Ərəb ədəbiyyatından mühazirələr. I cild” adlı monoqrafiyaları işıq üzü görüb

22/04/2019

 

Ərəb filologiyası kafedrasının dosenti Mütəllimova Çinarə Tofiq qızının Azərbaycan və ərəb qəhrəmanlıq dastanlarında oxşar süjet və motivlər” və “Ərəb ədəbiyyatından mühazirələr. I cild.” adlı kitabları işıq üzü görmüşdür.

Müəllif Azərbaycan və ərəb qəhrəmanlıq dastanlarında oxşar süjet və motivlər əsərində Azərbaycan və ərəb qəhrəmanlıq dastanlarında qadın obrazlarının tipoloji paralelliyi,  Azərbaycan və ərəb qəhrəmanlıq dastanları və onların bəzi ərəb qaynaqlarındakı problemləri, habelə qaynaqlarda istifadə olunan Azərbaycan və ərəb atalar sözlərində bənzər xüsusiyyətlər,  Azərbaycan qəhrəmanlıq dastanlarında qəhrəman obrazlarının genezisi və tipologiyası,  Azərbaycan və ərəb qəhrəmanlıq dastanlarında mövzu, süjet, motiv və ideya oxşarlığının sosial-tarixi və mədəni aspektləri, "Əli Zibak", "Zat əl Himmə" xalq romanlarının  ərəb qəhrəmanlıq dastanlarının ən gözəl nümunələrindən oıması,  Azərbaycan və ərəb qəhrəmanlıq dastanlarında qafiyəli nəsr və mübaliğə, eləcə də «Koroğlu» və «Əntərə» dastanlarında oxşar süjet və motivlər kimi maraqlı və hələ də araşdırılmamış məsələlərə aydınlıq gətirmişdir.

Çinarə Tofiq qızı Mütəllimovanın “Ərəb ədəbiyyatından mühazirələr. I cild” adlı dərsliyi isə ali məktəblərin bakalavr mərhələsi üçün nəzərdə tutulmuşdur. Ərəb ədəbiyyatı üzrə olan bu dərslik  Islam dövrü ərəb ədəbiyyatından başlayaraq, Əməvilər dövrü ədəbiyyatını da əhatə edir və Azərbaycan dilində müvafiq kitablardan fərqli olaraq burada verilən mövzular elmi dil ilə yüklənməmiş, çox sadə üslubda tələbələrə çatdırılmışdır ki, bu da onların istər məsğələlərdə, istərsə də imtahanlara hazırlaşmalarında böyük yardımçı olacaqdır.

Dərslikdə ilk dəfə olaraq İslam dininin poeziya və nəsrə təsiri, bu dövrdə köləyə münasibət, Həzrəti Peyğəmbərin (s) Cahiliyyə dövrü adətlərinə münasibəti, habelə Həzrəti Peyğəmbər (s) və dörd xəlifənin poeziya və şairlərə münasibəti, səalik şairlər haqqında məlumatlar verilmiş,  İslam dövründə hikmətli sözlər, tövqiyyat, vəsiyyətlər haqqında mövzular da yetərincə işıqlandırılmışdır. Əməvilər dövründə ailə-qadın, sosial təbəqələr, musiqi və əyləncə, tərcüməçilik və digər məlumatlarla yanaşı, dərslikdə bu dövrün ərəb poeziyasının əsas xüsusiyyətləri də şərh edilmişdir. Tələbələr üçün tərtib olunmuş bu dərslikdən magistrantlar. doktorantlar, habelə ərəb ədəbiyyatı ilə maraqlanan oxucular da faydalana bilərlər.


Çinarə Tofiq qızı Mütəllimovanı hər iki monoqrafiya münasibəti ilə təbrik edir və gələcək tədqiqatlarında müvəffəqiyyətlər arzulayırıq.


























Bookmark and Share