Homeaz | en | ru

İran musiqiçiləri BDU-da

28/03/2014

Ötən ay İran musiqiçiləri Məhəmməd Əxəvan və Damun Əxəvan İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin dəvəti ilə Təbriz şəhərindən Azərbaycana təşrif gətirmişdilər. Onlar Respublikamızda Bakı Dövlət Universitetində də öz proqramları ilə çıxış etməli idilər. Nəhayət, gözlənilən konsert mart ayının iyirmi səkkizində Bakı Dövlət Universitetinin yeni tədris korpusunun dairəvi zalında baş tutdu. Konsert proqramında Şərqşünaslıq fakültəsinin tələbə və müəllim heyəti, eyni zamanda Şərqşünaslıq fakültəsinin dekanı dos. E.Z.Əzizov, İran filologiyası kafedrasının müdiri prof. M.D.Kazımov və İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri doktor İbrahim İbrahimi də iştirakçılar sırasında idi.

Tədbiri giriş sözü ilə Şərqşünaslıq fakültəsinin dekanı dos. E.Z.Əzizov açdı. Elxan Əzizov İran və Azərbaycan mədəni əlaqələri barədə söhbət açdı və bu mədəni əlaqələrin inkişafında hər iki ölkənin ziyalı insanlarının, incəsənət ustalarının xüsusi rolunun olduğunu qeyd etdi.

Daha sonra İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri İ.İbrahimi İran musiqi sənəti və xalq çalğı alətləri barədə danışdı.

İran musiqiçiləri M.Əxəvan və D.Əxəvan Azərbaycan xalq musiqiləri ilə yanaşı, İran mahnılarını da məharətlə ifa etdilər. M.Əxəvan tonbək və qavalda, D.Əxəvan isə səntur musiqi alətində könüloxşayan tərzdə ifa edirdilər.

Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla izləndi. Xüsusilə, İran musiqiçilərinin Azərbaycan xalq mahnısı “ Sarı gəlin” i yeni oranjemanda yüksək səviyyədə ifa etməsi zalda böyük coşqu yaratdı. Onların ifası tamaşaçılar tərəfindən xüsusi rəğbət və alqışlarla qarşılandı.

Tədbirin sonunda İran filologiyası kafedrasının müdiri prof. M.Kazımov çıxış edərək musiqiçilərin ifaları barədə öz təəssüratlarını bildirdi.

Bookmark and Share