Homeaz | en | ru

’’Qarabağ Azərbaycandır’’ adlı esse müsabiqəsinin qalibi elan olunub

23/11/2020

23 noyabr 2020-ci il tarixində Şərqşünaslıq fakültəsi Vətən müharibəsinin zəfərlə yekunlaşması münasibəti ilə elan etdiyi "Qarabağ Azərbaycandır" adlı esse müsabiqəsinin qalibini elan edib. Göndərilən esselərə əsasən "Tərcümə (fars dili)" ixtisasının II kurs tələbəsi Nuriyeva Əminə Qalib qızı təqdim etdiyi esse ilə qalib elan olunub.

 

Essenin mətni

Qarabağ Azərbaycandır.

1828-ci il. II Rus-Qacar müharibəsini bitirən Türkmənçay müqaviləsinin 15-ci bəndiylə 10 min erməni Qacarlar İmperiyası ərazisindən Şimali Azərbaycana köçürülür. Və bu Azərbaycan tarixində böyük iz qoyur.

Qarabağ. O ki, qələmin donub qaldığı an var bilirsiniz, o an  Azərbaycanca Qarabağ adlanır. Böyük bağ adlanması ilə yanaşı böyük dərdi, qəmi var bu bağın. Xalqımız gözəl təbiəti, qonaqpərvərliyi ilə seçildiyindən "erməni" adlanan bu insanlarla daim qonşuluq, dostluq münasibətində olmuşdu. Kim bilərdi ki, bir gün dost dediklərimiz bizə düşmən kəsiləcək? Kim deyərdi ki, süfrəmizdə çörək kəsdiklərimiz bir gün çörəyimizi, süfrəmizi, xoşbəxtliyimizi əlimizdən alacaq.

Xalqımızın tarixində dərin bir iz qoyacaq günlər yaxınlaşırdı artıq. 1918-ci ildə Müsəlman Şərqində ilk dəfə demokratik quruluşlu Respublika - Azərbaycan Xalq Cumhuriyyəti yaranır. 23 aylıq hakimiyyəti dövründə neçə-neçə qanunlar, fərmanlar imzaladı bu Cumhuriyyət. 1920-ci ildə süqut edən bu Cumhuriyyət öz sözünü tarixə demişdi artıq.

1920-ci ildə fevralın 20-də Azərbaycanda bolşevik partiyası yaranır. Sözdə kommunist olan bu partiya bizdən sözümüzü, vətənimizi almasilə yanaşı, həm də sözünü deyən simalarımızı da aldı. Hüseyn Cavid, Mikayıl Müşfiq, Həbib bəy Səlimov, Hacı Zeynalov və neçə-neçə ziyalılarımız repressiya qurbanı oldu. Dost dediklərimiz bizi cəsarətimizlə hədələdi. Gücümüzü əlimizdən almaq istədilər.

1989-cu il. Ermənilər müharibə elan etmədən əliyalın əhalini atəşə tuturlar. Kimisi canını, kimisi övladının parça-parça olmuş bədənini, kimisi isə sevdiklərini götürüb qaçırdı. Necə ağrılı idi. Bu yazını yazmaq ən az o hadisələri gözlə görmək qədər acıdır. Bir ananın gözü önündə övladının doğranmasına hansı adı vermək olar? O ana təkcə övladını yox ümidini, pənah yerini, ailəsini, sevgisini itirir o gün. O gün düz 10 dəfə təkrarlandı. Hər şəhər aldıqca ermənilərin "rəşadətli Ermənistan ordusu” bugün bu şəhəri işğal etdi" deməsi. .

Zaman keçir. Həyat, tarix özünü təkrarlayır. Xocalıdakı, Şuşadakı daşlar da danışır, amma dünya hələdə kor və kar qalırdı. O gün hərşeyini itirərək ordan çıxan on yaşlı uşaqlar bugün tank üstündə gəlirdi. Onlar sadəcə evlərini almağa yox, burada yarım qalmış uşaqlığlarını qaytarmağa, yaşamağa, yaşatmağa gəlmişdilər. Onlar yurdundan ayrı keçirdiyi hər günün qisasını almağa gəlməmişdimi.

Biz gəlirik dünya ! İndi ədalət istəməyə yox ! İndi ədalətin nə olduğunu göstərməyə gəlirik. Biz on üç yaşlı Larisanın partasını qaytarmağa gəlirik. Biz İlqarın mənzilinə çatanmayan hədiyyəsini çatdırmağa gəlirik. Ancaq düşmən əliyalın deyil, biz hazırlıqlı idik. Artıq bizim Qarabağ adlı yaramız olmayacaq. Şuşa qalasının qüdrətini qaytarmağa gəlmişik biz. Qarabağ atlarını öz doğma ellərinə qovuşdurmağa gəlmişik biz. Biz bizə aid olan üçün gəlmişik. Öz əlləriylə övladını öldürmək məcburiyyətində qalan ananın intiqam hissindən doğan "Ya Qarabağ, ya da ölüm" şüarıyla gəlmişik biz. Gözləri önündə ağaca bağlanaraq təcavüzə uğrayan sevgilisini görmək məcburiyyətində qalan, yarım qalmış sevgilər xatirinə gəldik biz. Bir vaxt ordan əliyalın çıxan uşaqlar, indi öz içlərində böyütdüyü nifrətlə qayıtdılar geriyə. Analarının, sevdiklərinin, obamızın qisasını almağa gəlmişdi bu on yaşlı əliyalın uşaqlar. Qarabağ zəfərini qazanmağa gəlmişdilər.

20 yanvarda canını qurtararaq qaçan insanlar indi bayrağımıza sığınaraq, Qarabağ deyərək çıxırdılar küçələrə. Heç nədən qorxmadan, qürur hissiylə. Bir vaxt dünyanın eşitmədiyi o səsi indi on səkkiz yaşlı şəhidlərimiz eşitdirdi dünyaya. Öz qanlarıyla.

Aç qapını Qarabağ övladların gəlir ! Artıq Zakir Vətən həsrətindən yazmayacaq. Artıq xarıbülbül ağlar qalmayacaq. Natavanı, Pənahəlini, Vaqifi düşmən tapdağından azad etmək üçün gəlmişik. Mikayıl Müşfiqin "oxu tar, səni kim unudar" arzusunu, Sadıqcanın ürəklə çaldığı tarı üçün gəlmişik. Xan Şuşinskinin muğam qüdrətini qaytarmağa gəlmişik. Həm ürəklərdə, həm də xəritədəki yerini doldurdu Qarabağ. Mübarizlərin, Poladların, Cəbrayılların, neçə-neçə şəhidlərimizin qanı yerdə qalmadı.

Ana ! Aldıq Qarabağı dünya ! İndi istədiyin qədər səssiz qal ! Qovuşduq evimizə. Qayıtdıq gözəl günlərimizə. Rahat yatın torpaq uğrunda canından keçən şəhidlərimiz. Aldıq Qarabağı. Artıq "gün o gün olsunki..." deməyəcəyik. Gün bu gündür!

Bugün ! 10 noyabrdır. Bugün rəşadətli Azərbaycan ordusu bütün Qarabağı işğaldan azad etdi. Bugün Qarabağ Azərbaycandır sözünü dünya tarixinə şəhidlərimizin qanıyla, qazilərimizin qoluyla, əsgərlərimizin sədaqəti və gücüylə yazdıq. Qayıtdıq Çingiz, rahat yat. Gəldik Mübariz, haqqını halal et. Gəldik Cəbrayıl, uşaqlarımızın, ailəmizin yanına qayıtdıq. Gəldik Polad ! Bütün sədaqətinlə vuruşduğun o torpağa qayıtdıq ! Gəldik Mirzəyev İlqar! Siz övladlarınızı apara bilmədiniz Şuşaya, amma onlar qayıtdı ! Sizə qeyrət borcluyuq. Namus borcluyuq. Biz sizə şərəf borcluyuq!  Vətən borcluyuq. Biz sizə həyatımızı borcluyuq. Biz rahat yatdıq. İndi siz rahat yatın. Qayıtdıq.

Cənnətdir Qarabağ. Sizin də məkanınız cənnətməkan olsun şəhidlər. Allah sizlərə rəhmət etsin.

Qarabağ Azərbaycandır ! Eşq olsun Azərbaycan ordusuna !

 

 

Bookmark and Share