Professor Əbdürrəhman Hicazi Şərqşünaslıq fakültəsində
29/01/201615 yanvar 2016 -cı il tarixində Misir Ərəb Respublikasının Mədəniyyət Nazirliyinin Milli Tərcümə şöbəsinin müdiri professor Əbdürrəhman Hicazi və Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əhməd Sami Elaydi Şərqşünaslıq fakültəsində qonaq olmuşdur. Misirli qonaqlar başda fakültə dekanı prof. Elxan Əzizov olmaqla Ərəb filologiyası kafedrasının professor-müəllim heyəti ilə görüşmüşdür. Qonaqla görüşdə Şərqşünaslıq fakültəsində ərəb dili və ədəbiyyatı, Ərəb ölkələrinin mədəniyyət və incəsənəti fənlərinin tədrisi, ərəb dilinə dair yazılmış və tərcümə olunmuş əsərlər haqqında fikir mübadiləsi aparılmışdır. Misirli professor isə öz növbəsində Azərbaycan və Misir arasındakı ədəbi-mədəni əlaqələrdən, xaricdə ərəb dilinin tədrisi məsələlərindən, Azərbaycanlı ədiblərin əsərlərinin ərəb dilinə tərcüməsindən söhbət açmışdır. Azərbaycanlı ədiblərin əsərlərinin ərəb dilinə tərcüməsi üçün qarşılıqlı əməkdaşlığın vacibliyi önə çəkilmiş və bu sahədə yaxın gələcəkdə ciddi addımların atılması qərara alınmışdır. Görüşdə fakültənin tədris işləri üzrə dekan müavini Cavanşir Məmmədzadə, Ərəb filologiyası kafedrasının əməkdaşları – prof. N.Məmmədov, prof. X.Əlabbasi, R.Babayev, M.Ağaverdiyev və başqaları iştirak etmişdir.
