İordaniya Haşımılər Krallığına rəsmi səfər
29/06/2015BDU-nun Şərqşünaslıq fakültəsinin Ərəb filoglogiyası kafedrasının müəllimi f.ü.f.d.Heybət Hüseynağa oğlu Heybətovun Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fonduna təqdim etdiyi “Sami dillərin müqayisəli qrammatikasına giriş ” adlı layihəsi fondun 2014-cü il dekabr ayında verdiyi rəsmi aşıqlamaya əsasən qalib elan edilmişdir. Qrant aşağıdakı kod altında fondun qeydiyyatındadır; Qrant №EİF-2013-9(15)-46/40/5. Qeyd edilməlidir ki, həmin ildə BDU-nun qazandığı 5 layihədən biri də onun rəhbəri olduğu layihədir. Layihənin ümumi məbləği 50 000 manatdır.
Heybət Hüseynağa oğlu Heybətovun 07.06.-14.06.2015-ci il tarixində İordaniya Haşımılər Krallığına həyata keçirdiyi elmi məzuniyyət layihənin I mərhələsinin tərkib hissəsi olaraq əvvəlcədən nəzərdə tutulmuş, planlaşdırılmışdı. Səfərin məqsədi tədqiqatın lazımı şəkildə aparılmasını təmin etmək məqsədilə qədim Sami xalqlarının məskunlaşdığı tarixi məkanlardan biri kimi İordaniyanın Milli Kitabxanasının arxivində mövzu ilə əlaqədar mənbələrin tədqiqata cəlb edilməsindən ibarət idi. Səfər zamanı həm Milli Kitabxananın, həm də İordaniya Universitetinin kitabxanasındakı əlaqədar ədəbiyyat onun tərəfindən araşdırılmış, tədqiqat üçün zəruri sayılan, lakin respublikamızda mövcud olmayan bir çox mənbə aşkar edilib respublikaya gətirilmişdir.
H.Heybətov səfər zamanı İordaniya Universitetinin Ərəb dili bölməsində olmuş, buradakı mütəxəssislərlə məsləhətləşmələr apararaq onların təcrübəsindən yararlanmağa çalışmış, ən əsası isə Ərəb dili kafedrasının müdiri Məhəmməd Həsən Əvvadla görüşmüşdür. Görüş zamanı Azərbaycanın Orta Əsr İslam mədəniyyətinin, elminin inkişafında Azərbaycanın xüsusi rol oynadığını bildirən Cənab Məhəmməd bu gün də iki dövlət arasındakı həm siyasi, həm də elmi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulamışdır. H.Heybətov da öz növbəsində ikitərəfli əlaqələrin inkişafı haqqında danışarkən İordaniya kralı Əlahəzrət II Abdullanın 2006-cı ilin avqustunda Azərbaycana, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il iyul ayının 29-30-da İordaniya Haşımılər Krallığına etdiyi səfərləri xatırladaraq əlaqələrimizdə həmin dövrdən etibarən yeni bir mərhələnin başlandığını bildirmişdir.
