Boş olan dekan vəzifələrini tutmaq üçün müsabiqə elan edilib
31/03/2011Nazirlər Kabinetinin «Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan işçilərin yeni vəzifə maaşlarının və vəzifə maaşlarına əlavələrin təsdiq ediməsi haqqında» 12 sentyabr 2008-ci il tarixli, 210 nömrəli Qərarının qəbul olunması ilə bağlı ali təhsil müəssisələrində fakültə dekanı, kafedra müdiri və dekan müavini vəzifələrinin tutulması qaydasında müvafiq dəyişikliklər edilməsi nəzərdə tutulmuşdur. Bu baxımdan həmin vəzifələrin tutulması ilə bağlı müsabiqənin keçirilməsi Təhsil Nazirliyi tərəfindən müvəqqəti olaraq dayandırılmış və onların səlahiyyət müddəti seçki keçirilənədək uzadılmışdı. Həmin qaydalar Təhsil naziri Misir Mərdanovun 09 mart 2011-ci il tarixli 400 nömrəli əmri ilə təsdiq olunduğundan, əmrin icrası ilə əlaqədar olaraq digər ali məktəblər kimi Bakı Dövlət Universiteti tərəfindən də «Azərbaycan» qəzetinin 30 mart 2011-ci il tarixli sayında və universitetin internet saytında boş olan dekan vəzifələrini tutmaq üçün müsabiqə elan edilmişdir.
BDU-nun 17 fakültəsindən 15-i - Hüquq, Beynəlxalq münasibətlər və beynəlxalq hüquq, Filologiya, Tarix, Şərqşünaslıq, Sosial elmlər və psixologiya, Kitabxanaçılıq- informasiya, İlahiyyat, Mexanika-riyaziyyat, Fizika, Kimya, Biologiya, Geologiya, Coğrafiya, Ekologiya və torpaqşünaslıq fakültələri müsabiqədə iştirak edəcək. Digər iki fakültənin – Jurnalistika, Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanlarının səlahiyyət müddətləri başa çatdıqdan sonra həmin fakültədə də müsabiqə elan ediləcəkdir.
Müsabiqədə kafedra müdiri vəzifəsinə müvafiq kafedranın, dekan vəzifəsinə isə fakültənin profilinə uyğun yüksək peşə-ixtisas hazırlığına, elmi ad və dərəcələrə, lazımi elmi-pedaqoji, idarəetmə təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik Azərbaycan Respublikası vətəndaşları, həmçinin müvafiq qanunvericiliyin tələbləri gözlənilməklə xarici ölkə vətəndaşları da iştirak edə bilərlər.
Təyinolunmanın şəffaf və obyektiv aparılmasını təmin etmək məqsədilə komissiyanın tərkbinin müəyyənləşdirilməsi istiqamətində isə iş aparılır.
Növbəti mərhələdə kafedra müdiri vəzifəsini tutmaq üçün də müsabiqə elan ediləcəkdir
