BDU-nun yaranmasının 100 illiyinə həsr edilmiş “Şərq filologiyası məsələləri” mövzusunda elmi konfrans keçirilib
10/06/2019
Şərqşünaslıq fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin yaranmasının 100 illiyinə həsr edilmiş gənc alim və magistrantların "Şərq filologiyası məsələləri" mövzusunda elmi konfransı keçirilib. Konfransı giriş sözü ilə açan dekan, professor Elxan Əzizov konfransın işinə müvəffəqiyyətlər diləyib. Daha sonra konfransın moderatoru, elmi işlər üzrə dekan müavini Adil Yəhyayev hər il keçirilən anoloji konfrans barədə məlumat vermişdir. Tədqiqçilərdən A.Nəzərli, V.Salmanov, L.Paşayeva, G.Ağayeva, T.Mansurov, Ə. Zeynalova və başqalarının Şərq ədəbiyyatı və dilçiliyinə dair maraqlı məruzələri dinlənilib. Konfrans işini bölmələr üzrə davam etdirib. Məruzələr diskussiya və geniş fikir mübadiləsi şəraitində keçib, mühazirəçilərə mövzularla bağlı müxtəlif suallar ünvanlanıb.
Konfransın işindən, gənc alim və magistrantların çıxışlarından böyük zövq aldıqlarını məmnunluq hissi ilə vurğulayan Ərəb filologiyası kafedrasının müdiri akademik Vasim Məmmədəliyev, İran filologiyası kafedrasının müdiri professor Mehdi Kazımov, Türk filologiyası kafedrasının müdiri professor Rüfət Rüstəmov, Elmi işlər üzrə dekan müavini Adil Yəhyayev, Sosial məsələlər və tələbələrlə iş üzrə üzrə dekan müavini Şahin Yusifli və başqaları iştirakçılara gələcək elmi-pedaqoji işlərində müvəffəqiyyətlər diləmiş və bu qəbildən olan tədbirlərin fakültənin elmi - mədəni həyatında əlamətdar hadisə olduğunu qeyd etmişlər.
Qeyd edək ki, konfransın materialları ayrıca kitab halında çap edilib.
