Homeaz | en | ru

BDU-nun “Yapon dili şöbəsinin təkmilləşdirilməsi” layihəsi üzrə müqavilə imzalanıb

06/02/2017

Bu gün Bakı Dövlət Universitetində Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Qonaqları salamlayan rektor, akademik Abel Məhərrəmov universitetin beynəlxalq əlaqələrindən, o cümlədən Yaponiya universitetləri ilə uğurlu əməkdaşlıqdan bəhs edib. Qeyd edib ki, 2000-ci tədris ilindən etibarən Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində “Uzaq Şərq dilləri və ədəbiyyatı” kafedrası yaradılıb, Yapon dili və ədəbiyyatı, Çin dili və ədəbiyyatı, Koreya dili və ədəbiyyatı ixtisasları açılıb. Bu illər ərzində Yaponşünaslıq ixtisasının 11 buraxılışı üzrə 100-dək bakalavr, yeddi buraxılış üzrə 10-dan artıq magistr hazırlanıb, bir nəfər elmlər doktoru dissertasiyası müdafiə edib. Məzunlardan altı nəfəri Yaponiyada magistraturada təhsil alıblar. Bakı Dövlət Universiteti və Yaponiyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə ötən illə ərzində ənənəvi olaraq Bakı Yapon dili Natiqlik müsabiqəsi, konfranslar, Yapon mədəniyyət günləri kimi tədbirlər keçirilib.

Səfir Tsuquo Takahaşini, öz növbəsində, Bakı Dövlət Universiteti ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib, bu müddətdə həyata keçirilən işləri yüksək qiymətləndirib.

Daha sonra Yaponiya Hökumətinin maliyyə dəstəyi ilə “Bakı Dövlət Universitetinin Yapon dili şöbəsinin təkmilləşdirilməsi” layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçirilib. Layihənin əsas məqsədi Yapon dili şöbəsinin otaqlarını təmir etmək və lazımi avadanlıqlarla təchiz etməklə, sözügedən şöbədə təhsilin səviyyəsini yaxşılaşdırmaqdır. Layihənin ümumi məbləği 77,060 ABŞ dolları təşkil edir.

 

Bookmark and Share