Homeaz | en | ru

BDU-nun müəllimi “Bilkent Universiteti İhsan Doğramacı” ödülü ilə təltif olunub

21/09/2015

BDU-nun müəllimi “Bilkent Universiteti İhsan Doğramacı” ödülü ilə təltif olunub

Bakı Dövlət Universiteti filologiya fakültəsi Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Məhbubə Qurbanova, Türk xalqları ədəbiyyatı kafedrasının əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Kəmalə Nəcəfova şərqşünaslıq və filologiya fakültələrinin tələbələrilə birlikdə Türkiyənin Ankara şəhərində ezamiyyətdə olublar. BDU-nun tələbə-müəllim heyəti Bilkent Universitetində keçirilmiş “Türk dili və ədəbiyyatının tədrisinin metod və üsulları” kurslarına qatılıblar. Yay məktəbində iştirak etmiş müəllim və tələbələr kurslarda “Ədəbiyyatın tədrisinin metod və üsulları”, “Xalq ədəbiyyatı mətnlərinin incələnməsi”, “Türkcənin öyrədilməsində dörd təməl bacarıq”, “Dil bilgisinin tədrisi”, “Ədəbiyyat nəzəriyyəsi”, “Ədəbi cərəyanlar”, “Yeni türk ədəbiyyatı”, “Əski türk ədəbiyyatı mətn incələmələri”, “Mətn oxuma və incələmə”, “Araşdırmanın metod və üsulları”, “Ünsiyyət yaratmaq yolları”, “Dəyərləndirmənin əsasları” fənləri üzrə mühazirələr dinləyib, dərslərdə fəallıqları ilə seçiliblər. Dosent M.Qurbanova “Əcnəbi tələbələr üçün Azərbaycan dilinin öyrədilməsi”, f.ü.f.d. K.Nəcəfova “XX əsrin əvvəllərində Azərbaycan-Türkiyə ədəbi əlaqələri” mövzusunda məruzələrlə çıxış ediblər. Dəyərləndirmə sistemində hər iki məruzə 100 balla qiymətləndirilib. Digər türk ölkələri nümayəndələrinin də iştirak etdiyi kurslarda müəllimlər arasında testlə keçirilən yekun imtahanda Kəmalə Nəcəfova ən yüksək nəticə göstərərək birincilik qazanıb, “Bilkent Universiteti İhsan Doğramacı” ödülü ilə təltif olunub. Müəllimlər tərəfindən qiymətləndirmə sistemində dosent Məhbubə Qurbanova ön sırada yer alıb. Bundan başqa, müəllimlər Türkiyə sənət birliyi tərəfindən mədəniyyət, sənət və təhsil çərçivəsində gerçəkləşən tədbirlərdə aktiv fəaliyyətlərinə görə “Hizmət şərəf ödülü” ilə mükafatlandırılıblar. Tələbələr də yekun imtahanda yüksək nəticələr göstəriblər. Sonda yay məktəbinin bitməsi ilə əlaqədar keçirilən mərasimdə BDU-nun şərqşünaslıq fakültəsinin III kurs tələbəsi Əminə Abdullayeva aparıcı qismində iştirak edib.

 

Bookmark and Share