Homeaz | en | ru

BDU-da Koreya Respublikasının Kinq Seconq İnstitutu Fondunun nümayəndə heyəti ilə görüş olub

27/04/2018

Bakı Dövlət Universitetində Koreya Respublikasının Kinq Seconq İnstitutu Fondunun nümayəndə heyəti ilə görüş olub. Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva BDU-da elm-təhsil sahəsində həyata keçirilən işlərdən, beynəlxalq əlaqələrdən danışıb. Prorektor universitetin Şərqşünaslıq fakültəsində on ildən artıqdır ki, koreyaşünaslıq ixtisasının Koreya dili və ədəbiyyatı tarixinin yerli və xarici mütəxəssislər tərəfindən tədris olunduğunu, bu ixtisas üzrə onlarla yüksəkixtisaslı mütəxəssis hazırlandığını, Koreya səfirliyinin dəstəyi ilə bir sıra uğurlu layihələrin reallaşdığını diqqətə çatdırıb. BDU-da ölkələrarası əlaqələrin inkişafına xidmət göstərən Rus Mərkəzi, Abay Kunanbayev adına Qazax, Yunus Əmrə Mədəniyyət mərkəzlərinin fəaliyyət göstərdiyini bildirən prorektor ötən il Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-Qyun və rektor, akademik Abel Məhərrəmovun görüşü zamanı universitetdə Bakı Seconq İnstitutunun yaradılması haqqında ilkin razılıq əldə edildiyini xatırladıb, yaradılacaq mərkəzin əhəmiyyətindən bəhs edib.

Kinq Seconq İnstitutu Fondunun menecer köməkçisi Hyunqmi An bu qocaman ali təhsil ocağında olmaqlarından məmnunluğunu ifadə edərək təmsil etdikləri fondun Cənubi Koreya hökuməti tərəfindən 2005-ci ildə yaradıldığını, koreya dilini öyrənmək istəyənlərin, həmçinin müəllimlərin təhsil və informasiya xidməti ilə hərtərəfli inteqrasiya olunmalarına yardım etdiyini deyib.

O, dünyanın 50-dən artıq ölkəsində Seconq institutlarının təsis edildiyini, Koreyanın tarixi və mədəniyyətinin təbliğində mühüm rol oynadığını söyləyib, BDU-da yaradılması nəzərdə tutulan Bakı Seconq İnstitutunun fəaliyyət istiqamətləri barədə məlumat verib.

Görüşdə Kinq Seconq İnstitutu Fondunun əməkdaşı Dayonq Cunq, professor Sanqmin Şim, BDU-nun Xarici tələbələrlə iş üzrə dekanı Gülheyran Rəhimova, Konfutsi İnstitutunun direktoru Oqtay Cəlilbəyli və Şərqşünaslıq fakültəsinin koreyalı müəllimləri iştirak ediblər.

Sonda qonaqlar universitetin Nanoaraşdırmalar mərkəzində, elmi tədqiqat və tədris laboratoriyalarında, Şərqşünaslıq fakültəsində olublar.

 

Bookmark and Share