Homeaz | en | ru

BDU- nun 100 illiyi ilə əlaqədar “Baku Crystal Hall”da məzun günü keçirilib

29/06/2019

 

29 iyun 2019-cu il tarixində “Baku Crystal Hall”da Bakı Dövlət Universitetinin Məzun Günü keçirilib. Təntənəli tədbirdə universitetin 16 fakültəsi və SABAH qruplarını fərqlənmə diplomu ilə bitirmiş məzunlar dekanları ilə birlikdə zala dəvət ediliblər.

Məzun günündə müvafiq qurumların nümayəndələrinin, rektorların, millət vəkillərinin, alimlərin, müəllim və tələbələrin iştirak etdikləri görüşdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov Bakı Dövlət Universitetinin təkcə Azərbaycanda deyil, bütün Müsəlman Şərqində ilk dünyəvi ali təhsil ocağı kimi 100 il ərzində dünya elminə, mədəniyyətinə, siyasətinə təsir göstərmək qüdrətinə malik yüzlərlə tarixi şəxsiyyətlər yetişdirdiyini bildirib və ümummilli lider Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu olduğunu böyük qürur hissi ilə xatırladıb. Ulu öndərin təhsilə daim böyük önəm verdiyini, ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.

Məzun günündə fəxri məzunlar sırasında Şərqşünaslıq fakültəsindən bakalavriatura üzrə ən yüksək göstəriciyə malik,“Tərcümə (fars dili)” ixtisasından Quliyeva Həmidə Əlirza qızı və magistratura üzrə “Ədəbiyyatşünaslıq (urdu ədəbiyyatı) ixtisasını bitirən Süleymanova Aygün Adıgözəl qızı təltif olunublar. Məzun günündə Şərqşünaslıq fakültəsinin dekanı prof. E.Z.Əzizov olmaqla, dekan müavinləri, kafedra müdirləri və müəllimlər iştirak ediblər.

Məzun Gününün bədii hissəsi axşam saatlarına kimi davam edib. Tədbirdə iştirak edən 5 minədək məzun aparıcılar Hüsniyyə və Ramanın təqdimatında bir-birindən maraqlı musiqi nömrələrini, o cümlədən tələbələrin təqdimatına “BDU-rep”i dinləyib, müxtəlif lotereya oyunlarında iştirak edib, mobil telefon, notebook, planşet qazanıblar.

Gecədə maraqlı anlar da yaşanıb. Belə ki, saatlar 19:19-u, yəni universitetin yaranma tarixini göstərən vaxtda papaq atma mərasimi həyata keçirilib. 20:19-da, yəni universitetin 100 yaşının tamam olduğu ili göstərən anda isə səhnədə tort masası hazırlanıb və universitetin ilk rektoru olmuş Vasili İvanoviç Razumovski səhnədə görünərək 100 əl əvvəl dediyi sözləri xatırlayıb: “Yaşa, çiçəklən, var ol, Bakı Universiteti!” Elə bu məqamda rektor Elçin Babayevin “Vasili İvanoviç, ölkəmiz də, universitetin də yaşayıb, çiçəklənib, var olub və demək, hamımız arzumuza çatmışıq”, - sözləri zalda böyük coşqu ilə qarşılanıb.

Tədbir şarların səmaya uçurdulması ilə başa çatıb

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bookmark and Share