Homeaz | en | ru

BDU müəllimləri Türkiyədə

18/09/2015

BDU müəllimləri Türkiyədə

«Diqqət: Əziz həmkarlar, hamınızı salamlayıram. Bildiyiniz kimi, 17-27 avqust tarixlərində Türkiyəyə səfərimiz planlaşdırılıb. Sabah, 14 avqust 2015-ci il tarixində, saat 12:00-da TİKA-nın ofisində Mustafa bəylə görüşümüz nəzərdə tutulub. Saat 11:45-də «Sahil» bağında yığışırıq. Aynur Kərimova».

Bakı Dövlət Universitetinin Televiziya və radio jurnalistikası kafedrasının müdiri, dosent Aynur Kərimova WhatsApp-da yaratdığı “Turkey Team” qrupunda ilk ismarıcına belə başlamışdı. Bəli, bu, başlanğıc idi… Uğurlu, yaddaqalan, unudulmaz, sonun ən isti başlanğıcı.

Deyilən tarix və saat. TİKA-nın ofisi. Komandanın 15 nəfərlik üzvünın hamısı görüşə hazırdır. Rəsmi görüşün başlanmasına lap az qalır. Proqramla tanış oluruq, gedəcəyimiz ünvanları dəqiqləşdiririk, plan qururuq, təklif veririk, irəli sürülən təklifləri dəyərləndiririk.

Və nəhayət komandanın rəhbəri Aynur Kərimova: «Əziz müəllimlər, hamınızı xoş gördük. Buraya yığışmağmızın məqsədi TİKA-nın xətti ilə gerçəkləşən görüş öncəsi bəzi məsələləri müzakirə etmək, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Bakı Proqram Koordinasiya ofisinin koordinatoru Mustafa Haşim Polatın xeyir-duasını almaqdır», - deyərək rəsmi söhbətin girişini edir. Nümayəndə heyəti təqdim olunur. Mustafa bəy BDU-TİKA əlaqələrindən, rektor Abel Məhərrəmovla 18 mart 2014-cü il tarixində keçirdikləri görüşün nəticəsi olaraq jurnalistika fakültəsində telestudiyanın yenidən qurulması istiqamətində görülən işlərdən, bu ilin fevral ayında bir qrup tələbənin Türkiyəyə göndərilməsindən və nəhayət 15 nəfərlik nümayəndə heyətinin səfərindən danışaraq, onun uğurlu olacağına əminliyini ifadə edir.

Rəsmi görüş yüksək əhval-ruhiyyədə başa çatır. Çay süfrəsi müzakirələri də pis getmir. Hər şey ürəkaçıcıdır, cəlbedicidir, diqqətçəkəndir. Diqqət çəkən həm də sağollaşıb çıxmaq istəyərkən Turac Teyyubqızının nəzərlərimizi çəkən qeydləridir:

«Əziz müəllimlər, həm özünüzün, həm də kafedra üzrə tədris olunan bütün fənlərin proqramlarını çap və elektron formada götürməyi unutmayın. Nəzərə alın ki, səfərimizin əsas məqsədi tədris proqramlarını müzakirə etmək, fənlər arasındakı uyğunluğu nəzərdən keçirmək, Türkiyə modelini öyrənməkdir».

Bəs video kamera və foto aparat?

Ramin Rzayevin ideyası hamının ürəyincə olur. «Ağıllı telefon»larımız nə qədər sözəbaxan və işəyarayan olsalar da, Cabir Məmmədlinin sayəsində fotoaparat, Nəmənd Rüstəmovun sayəsində isə videokamera işlərimiz qaydasına düşür. Şəkillər öz yerində, bu mükəmməl səfəri film etməmək ən azından günahdır axı! Niyə də dəyərləndirilməsin. Türkiyənin ən köklü 3 dövlət və yeni qurulsa da, istər maddi-texniki bazası, istərsə də kadr potensialı və bütün təminatı ilə nüfuz qazanmış 4 özəl ali məktəbində olmaq niyə lentə alınmasın? Axı, bu səfər təkcə 15 nəfərlik komanda üçün yox, fakültə, tələbələrimiz və perspektiv üçün də maraqlı və faydalı ola bilər!

«Bu, universitet və fakültə tarixində yenilikdir»

Rektor, akademik Abel Məhərrəmovun bu tarixi sözlərinə təkcə biz yox, həm də ali təhsil ocaqlarımızın flaqmanı olan Bakı Dövlət Universiteti şahidlik edir. Rektor təcrübə mübadiləsi baxımından faydalı hesab etdiyi səfərin tam detallarını öyrənir, İstanbul, Ankara, Qazi, Bahçaşəhər, Kadır Has, Yeditəpə, Başkənd universitetlərinin jurnalistika fakültələrində iş və tədris prosesi ilə əyani tanışlıqların, əldə olanan nəticələrin fakültənin inkişafına təsirsiz ötüşməyəcəyinə əminliyini ifadə edir, müəyyən tapşırıq və tövsiyələr verir.

Nümayəndə heyətinin rəhbəri Aynur Kərimovanın səfərin reallaşması üçün yaratdığı şəraitə, verdiyi dəstəyə görə rektora təşəkküründən sonra xatirə fotosu çəkilir. Elə bu məqamdaca Abel müəllim bir daha tək-tək hamıya yaxşı yol, xətasız səfər arzulayır, «öyrənin və gəlin tətbiq edin», - deyərək sağollaşır. BDU və TİKA-nın əməkdaşlığı sayəsində baş tutan, hər iki qurumun rəhbərinin xeyir-duası ilə başlanğıcı qoyulan səfər öncəsi növbəti informasiyanı alırıq:

«VACİB İNFO: Bakı-İstanbul uçuş proqramında dəyişiklik olub. Bu baxımdan hava limanında 1 saat gec, yəni 19:00-da olmalıyıq. Dönüş isə olduğu kimi qalır. Aynur Kərimova».

Təsdiqlər, razılıqlar, bir daha təşəkkürlər öz yerində, ölkəmiz və universitetimizlə bağlı hazırladığımız hədiyyələr, kitab, buklet və digər bu kimi nüanslar bir daha dəqiqləşdirilir.

Vaxta, ismarıclara çox dəqiqliklə əməl edilir. Deyilən saat və hamı Heydər Əliyev adına Hava Limanında. Qeydiyyata başlayırıq. Ramin, Samir, Mübariz, Nəmənd, Mehriban, Aytən… Aynur xanım koordinasiya edir və növbə 10 il jurnalistika fakültəsinin dekanı işləmiş, hamımızın müəllimi, dosent Akif Rüstəmova çatır. Adına bilet olmadığı deyilir. Söz yox, bu, əhval-ruhiyyəmizə təsir edir. Özü isə kefini də pozmur: «Canınız sağ olsun, nə problem var. Uzaq başı mənsiz gedəcəksiniz. Narahat olmayın». Narahatçılığımıza operativlik imkan vermir, Akif müəllim başda olmaqla, təyyarəyə minik başlayır. Nəmənd kamerasının, Cabir müəllim fotoaparatının, Turac və Mehriban hədiyyələrimizin, Sevil və Sevinc xanım ac olub-olmamağımızın, Əli müəllim əhval-ruhiyyəmizin, Aynur xanım isə bütünlüklə hamımızın və hər şeyin qayğısına qalır: «Hamı burdadırmı, əyləşdinizmi, narahatçılığınız yoxdur ki, soyuq deyil ki?». Hər şey qaydasındadır. Türk Hava Yollarının xidməti də, uçuş da, münasibət də…

Gecəsi də, gündüzü də gözəl, İstanbul!

«Dedik axı, onu çox qoruma, gördün, qorxduğun başına gəldi», - bütün nəzərlər Nəməndə tərəf yönəlir. Komanda zarafat edir, o isə ciddiyə alırdı: «Gərək ştativi baqaja verməyəydik. Səhv etdik». Rəşad: «Müəllim, o, sınmasın deyə daha rahat yerə veriblər. Bir az səbr edin. İtməsi mümkünsüzdür». Bu müzakirələrimiz də uzun sürmür. Ştativ də gəlir, 10 gün boyunca bizə ayrılan avtobus da. Bələdçimiz Tural Əfəndiyevin müşayiəti ilə Ayasofya, Top Qapı, Qapalı Çarşı, Sultanahmət Camisi, Gülhanə parkı kimi tarixi və turistik məkanda yerləşən Askoç otelə üz tuturuq. İstanbul gözəl şəhərdir. Bu gözəlliyi tərənnüm edən o qədər məqamlar var ki, onun haqqında nə isə yeni bir söz deməyin çətin olduğunu bilirik. Sadəcə bir məqamı xatırlatmaq istərdik ki, Türkiyənin ən böyük şəhəri, dəniz portu, ölkənin sənaye-ticarət və mədəniyyət mərkəzi olan İstanbul Bosfor boğazının sahillərində və əfsanələrə görə yeddi təpə üzərində qurulub, Roma,  Bizans və Osmanlı İmperiyalarının paytaxtı olub. Şəhər iqtisadi böyüklük baxımından dünyada 34, əhali baxımından bələdiyyə sərhədləri nəzərə alınaraq edilən sıralamaya görə Avropada, Moskvadan sonra, ikinci sırada gəlir. Bu sıxlıq Atatrük Hava Limanından başlayaraq Askoç otelə və orada olduğumuz, baş çəkdiyimiz bütün məkan və yerlərdə özünü göstərir. Lakin insan çoxluğu və bəzən bu çoxluqdan irəli gələn səliqəsizlik, İstanbulun gözəlliyinə, qədimiliyinə, rəngarəngliyinə xələl gətirə bilmir, əksinə, ona sevgi hissini bir qədər də artırır.

«Xahiş edirəm, bayrağımızı düzəldin!»

18 avqust 2015. Proqrama uyğun olaraq, Bahçaşəhər universitetinə getməliyik. Otelin önünə yığışırıq. Burada dalğalanan bayraqlar arasında möhtəşəmliyi ilə könül oxşayan, dünyanın ən gözəl üç rəngli bayrağı - Azərbaycan bayrağı da var. Xoş, təsirli və qürurverici səhnədir. İstanbulun xarakterinə uyğun olaraq, axşam yağış yağıb, külək də öz yerində. «Bunlar təbii proseslərdir, başa düşürük, külək edən səhvi düzəltmək bizə qalır, xahiş edirəm, bayrağımızı düzəldin», - deyir Əli müəllim. Otel qeydiyyatçıları dərhal reaksiya verir və onsuz da gözəl olan bayrağımız ətrafı bir qədər də gözəlləşdirir.

Yolumuz Bahçaşəhərə…

«Hamınızı salamlayıram. Mənim adım Bilgi Narin. Qazi Universitetinin iletişim (Türkiyədə jurnalistika fakültəsi belə adlanır – P.İ.) fakültəsinin araşdırma görəvlisiyəm. Proqrama uyğun olaraq, 10 gün müddətində İstanbul və Ankarada sizə bələdçilik edəcəyəm». Azərbaycanda olmasa da, ölkəmizi və insanlarımızı çox sevir Bilgi xanım. Ayrıca İstanbul və Ankaranı çox gözəl tanıyır. Keçdiyimiz bütün məkanlar və olduğumuz bütün yerlər haqqında müfəssəl məlumat verir. Tatsızlıq yaşamayaq deyə, çantalarımıza və əşyalaramıza daha diqqətli olmağımızı isə xüsusilə tövsiyə edir. Onun maraqlı söhbətləri və tanıtımları ilə Bahçaşəhər Universitetinin iletişim fakültəsinə çatırıq. Bizdən fərqli olaraq Türkiyədə universitetlərin demək olar ki, hər bir fakültəsi ayrıca binada, binalar isə şəhərin müxtəlif və bir-birinə çox da yaxın olmayan ünvanlarında yerləşir. Sinema ve Televiziya, Reklamçılık, İctimaiyyətlə Əlaqələr,  Kommunikasiya Dizaynı, Foto və Video, Yeni Media adlı 5 bölüm, 1800 tələbə ilə fəaliyyət göstərən fakültə 8 mərtəbədən ibarətdir. Hər bölüm, o cümlədən laboratoriya, studiya, akt zalları, dekanlıq və pedaqoji heyət üçün nəzərdə tutulmuş otaqlar ayrıca mərtəbələrdə yerləşir. Bahçaşəhər tələbəsinin öyrəndiyi nəzəri bilikləri bu universitetdən kənara çıxmadan belə özünün TV, Radio, Foto, Sinema studiyalarında tətbiq etmək kimi böyük imkanı var.

Digər bir tərəfdən Türkiyənin dövlət universitetlərindən fərqli olaraq, özəl universitetlərin iletişim fakültələri nəzəri ağırlıqlı yox, təcrübi yönümlü dərslərə üstünlük verir və dərslər əsasən həmin universitetin özünün radio, televiziya, foto, reklam, dizayn studiyalarında tədris olunur. Bütün bunlara rəğmən, Bahçaşəhər universitet-mətbuat işbirliyinə üstünlük verir, onun təkliflərini və gələcəkdə necə bir iletişimçi ilə işləmək istədiklərini nəzərə alaraq işini qurur. Son məqsədi texnoloji ünsiyyət mühitinin dinamikasına hakim, yeniliklərə meyilli, vizyonlarıyla gələcək formalaşdıran iletişimcilər yetişdirməkdir. Habertürk qəzeti ilə gerçəkləşdirilən layihə də belə təkliflər nəticəsində reallaşıb və Türkiyədə ilk universitet-mətbuat projesi kimi tarixə düşüb. Belə ki, fakültənin 3-cü və 4-cü kurs tələbələri bəzi təcrübi dərsləri adıçəkilən qəzetdə, bəzilərini isə qəzet əməkdaşları tərəfindən universitetdə öyrənməli olurlar. Layihə gözlənildiyindən daha çox effekt verib və həmin tələbələrin dərs müddətində aldıqları tapşırıqlar nəticəsində hazırladıqarı materiallar Habertürkün manşetinə qədər gedib çıxıb.

«Sizinlə görüşmək xoş və faydalıdır…»

Bahçaşəhər Universiteti iletişim fakültəsinin dekanı, professor Fatoş Adiloğlu belə deyir. Dekan və onun müavinləri Hasan Kemal Suher, Tolqa Hepdinçler, "Kommunikasiya Dizaynı" ixtisasının müəllimi Tanzer Ercanpolat, "Yeni Medya" ixtisasının müəllimi Leyla Bektaşın iştirakı ilə kiçikdən-böyüyə bütün məsələlər müzakirə olunur, təcrübə mübadiləsi edilir, gələcək əməkdaşlığın perspektivləri barədə söhbət açılır. Fatoş xanım deyir ki, əlimizdəki bütün bilgiləri sizinlə paylaşmaq, universitetlərarası əlaqələrdə körpü rolunu oynamaq istərdik. Sağ olsunlar, paylaşırlar, bizim üçün yeni olan istiqamətlər barədə məlumat verir və müvafiq məlumatlarla təmin də edirlər. Maraqlı, məzmunlu və son dərəcə faydalı olan görüş studiyalar, sinema zalları, dizayn və foto otaqları, auditoriyalarla tanışlıqla və bir də 8-ci mərtəbədə İstanbulun gözəl görünüşünü özündə əks etdirən xatirə fotosunun çəkilişi ilə başa çatır…

«Mənə Bakının küləyini gətirdiniz»

Hər sonun maraqlı bir başlanğıcı var. Unudulmaz sonluqla bitən Bahçaşəhər görüşü və möhtəşəm qarşılanma ilə uzun müddət yaddaşlarımızdan silinməyəcək TRT İstanbul Radiosundakı başlanğıc kimi. 7 il TRT-nin ölkəmizdəki təmsiliçiliyinə rəhbərlik etmiş, hazırda TRT İstanbul müdiri kimi fəaliyyət göstərən Abdulhamit Aşvarın gözlərindəki sevinc, çöhrəsindəki məmnunluq gizlədilməyəcək qədər aydın idi. «Azəri türkcəsi üçün çox darıxmışdım, sizlər mənə Bakının küləyini gətirdiniz», - deyərək nümayəndə heyətini qarşılamaqdan son dərəcə məmnun görünür. Ölkəmizi tanıdığından, Bakını və bütün bölgələri yaxşı bildiyindən xatirələri də çox, sualları da, təmkinlə dinləməyi də…

Tatlı yeyəlim, tatlı konuşalım

Yeməsək belə şirin danışırıq, zatən. Hər kəsə ayrı-ayrılıqda təqdim edilən tatlılar nümayəndə heyətinə olan hörmətin, dəyərin əlaməti idi əslində. Minnətdarlıq hissi təkcə Abdulhamit bəyin simasında yox, komandamızın hər bir üzvünün davranışında, danışıqlarında, mimikalarında idi. Bunu sezmək çox da çətin deyildi. Söhbətimiz o qədər maraqlı idi ki, şirin xatirələrdən nə vaxt ayrılıb TRT haqqında məlumatın içinə düşdüyümüzün fərqində də deyildik. Bir də o vaxt fərqində olduq ki, TRT 1964-cü il 1 may tarixində qəbul edilmiş qanuna əsasən yaradılıb, 1990-cı illərin əvvəllərində ilk özəl televiziya və radio kanalı yayına başlayana qədər Türkiyədə yeganə radio-televiziya teleradiokanalı kimi fəaliyyət göstərib. Türkiyədə mövcud olan televiziya kanalları arasında ən çox xəbərlər və xəbər proqramları yayımlayan televiziya kanalıdır, TRT 1, TRT Çocuk, TRT Arabca, TRT Müzik, TRT World, TRT Avaz, TRT Spor, TRT Haber, TRT Türk, TRT Okul, TRT Bölgəsəl, TRT Kürdi, TRT Diyanet və.s kimi televiziya və 12 radio kanalı var, 31 dildə bütün dünyaya yayılır. Bu qurumun 10 minə yaxın işçisi var ki, onların 2000 nəfəri İstanbulun payına düşür.

Maraq və qabiliyyət!

TRT-nin çoxsaylı projeləri, müsabiqələri var. Bizim üçün ideyası TRT Baş direktorluğu tərəfindən irəli sürülən «Gələcəyin jurnalistləri» müsabiqəsi daha cəlbedici olur... Və öyrənə bilirik ki, 4 bölüm və 16 kateqoriya üzrə keçirilən müsabiqənin qalibinə TRT-də təcrübə üçün şərait yaradılır. Bu qurumun qapıları təcrübəyə gələn bütün iletişimçilər üçün açıqdır. Lakin təklif kimi 2 əsas şərt var: maraq və qabiliyyət. Bu isə TRT-yə yox, təcrübəyə gələn jurnalistlərə daha çox lazımdır. Uğurun açarı burdan başlayır əslində.

Abdulhamit bəyin göstərişi ilə studiyalarla tanışlığımız başlayır. Türk Xalq Musiqisinin ifa olunduğu və üzərinə Mustafa Kamal Atatürkün «Bir ulusun yeni dəyişikliyində ölçü, musiqidə dəyişikliyi ala bilməsi, dərk edə bilməsidir» sözləri yazılmış studiyadan başlayan tanışlıq digər bütün studiyaları, o cümlədən TRT İstanbul Kənd radiosunu əhatə etməklə və canlı efirdən salamlanmaqla başa çatır. Sabahın, yəni 19 avqust 2015-ci ilin ilk gündəliyini də Abdulhamit bəy müəyyənləşdirir. TRT İstanbul Televiziyası...

 

Pərvanə İbrahimova

Bakı-İstanbul-Ankara-Bakı

Bookmark and Share