Homeaz | en | ru

Bakı Dövlət Universitetinin elmi məktəbləri

28/10/2014

Hər bir xalqın milli şüurunun, milli özünüdərkinin yetkinləşməsi onun elm və təhsilinin inkişafı ilə şərtlənir. Bu mənada, XX əsrin əvvəllərindən başlayaraq, Azərbaycan xalqının maariflənməsində, ziyalı təbəqəsinin formalaşmasında, elmi ənənələrin zənginləşməsində 95 il bundan əvvəl yaradılan Bakı Dövlət Universitetinin (BDU) əvəzsiz rolu olmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin «Azərbaycan xalqının milli sərvəti» adlandırdığı Bakı Dövlət Universiteti mənəvi böyüklüyümüzün simvolu, elm, təhsil və mədəniyyətimizin möhtəşəm məbədidir. Hər bir ölkənin iqtisadi, siyasi və mədəni səviyyəsinin barometri hesab edilən milli universitet missiyasını ölkəmizdə şərəflə yerinə yetirən BDU 95 illik fəaliyyəti dövründə respublikamızın ilk ali təhsil ocağı kimi ölkə həyatının bütün sahələrinə öz təsirini göstərmiş, Azərbaycanda elmi məktəblərin formalaşmasında, fundamental elm sahələrinin əsaslı inkişafında əvəzsiz rolu olan onlarla dəyərli alim yetişdirmişdir.

BDU bir təhsil ocağı, bir elmi qurum kimi cəmi 95 il fəaliyyət göstərsə də, əslində, onun mənəvi-tarixi kökləri daha dərinlərə gedib çıxır, dəqiq desək, ilk ali təhsil ocağımız milli mədəniyyətimizin qədim bünövrəsi üzərində formalaşmışdır. Hər biri bir universitet olan Nizami Gəncəvi, Nəsirəddin Tusi, Məhəmməd Füzuli kimi dünya şöhrətli dahilərimiz bəşəriyyətə tükənməz mənəvi qida vermiş, Azərbaycanın elm və mədəniyyəti üçün möhkəm əsaslar, tarixi köklər formalaşdırmışdır. Məhz bu möhkəm əsasların və mənəvi bazanın mövcudluğu hesabına yaşı hələ bir əsr olmayan BDU-da elmin müxtəlif sahələri üzrə təkcə respublikamızda deyil, yaxın və uzaq xarici ölkələrdə də tanınan və qəbul edilən elmi məktəblər formalaşmışdır. Məhz bu elmi məktəblərin hesabına cəmi 95 yaşı olan BDU bu gün  dünyanın bir neçə yüz il əvvəl yaradılmış aparıcı universitetləri ilə bərabərhüquqlu əməkdaşlıq edir, hərtərəfli elm və təcrübə mübadiləsi aparır. Müasir təsəvvürlərə görə elmi məktəb dedikdə elmin müəyyən istiqaməti üzrə formalaşmış elmi baxışlar sistemi, həmçinin bu baxışları müdafiə və inkişaf etdirən elmi cəmiyyətlər nəzərdə tutulur. Elmi məktəblərin bir qayda olaraq yaradıcıları və davamçıları olur. Hər bir elmi məktəb daxilində müxtəlif cərəyanlar və özünəməxsus qruplar yaranır ki, bu da yeni məktəblərin əsasını qoya bilir. Elmi məktəblər həm qeyri-formal şəkildə, həm də ali məktəblərin kafedralarında, alim kollektivlərində yarana bilər.

Belə məktəblərdən biri də “Yarımkeçiricilər və yarımkeçirici cihazların fizikası və texnukası” istiqamətində BDU-nun Fizika fakültəsinin Yarımkeçiricilər fizikası kafedrasının bazasında yaradılan elmi məktəbdir.

Elmi məktəbin baniləri – Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasının bazasında “Yarimkeçiricilər və yarımkeçirici cihazların fizikası və texnikası” istiqamətində yaradılan və formalaşan elmi məktəbin əsası keçmiş SSRİ EA-nın müxbir üzvü, akademik Abdullayev Həsən Məmmədbağır oğlu tərəfindən qoyulmuşdur. XIX əsrin ikinci yarısından başlayaraq keçmiş SSRİ-də və bütün dünyada yarımkeçiricilər fizikası sürətlə inkişaf etməyə başladı. Akademik Həsən Abdullayevin təşəbbüsü ilə ötən əsrin əllinci illərindən başlayaraq Azərbaycanda da selen və selen birləşmələri əsasında yarımkeçiricilərin tədqiqinə başlanıldı və qısa müddət ərzində Azərbaycanda bu sahədə keşmiş SSRİ-də Baş Mərkəzlər kimi qəbul edilən elmi məktəblər yaradıldı. Hələ 1954-cü ildən başlayaraq akademik Həsən Abdullayev respublikada elmin inkişafına nail olmaq üçün elmi kadrların seçilib hazırlanmasına başlamışdır. O, yaxşı bilirdi ki, elmi işi yüksək səviyyədə və səmərəli aparmaqdan ötrü ilk növbədə yaradıcı, çox qabiliyyətli insanları seçib elmə cəlb etmək, onları yetişdirmək lazımdır. Eyni zamanda o, yaxşı bilirdi ki, gələcəyin belə keyfiyyətlərə malik olan elmi işçilərini, əsasən, o vaxtlar Azərbaycan Dövlət Universiteti adlanan hazırkı Bakı Dövlət Universitetində və digər ali məktəblərdə təhsil alan tələbələrin içərisindən axtarıb tapmaq, istedad və qabiliyyətlərinə görə onları seçib uyğun elm sahəsi üzrə yetişdirmək lazımdır. Bu məqsədlə o, BDU-da ümumi fizika kursu və yarımkeçiricilər fizikasının ayrı-ayrı sahələri üzrə tədris aparmağa başladı. Onun təşəbbüsü ilə hələ 1956-cı ildən başlayaraq BDU-da “Yarımkeçiricilər fizikası” kafedrasının yaradılmasına hazırlıq işləri başlanıldı. 1958-ci ildə Bakı Dövlət Universitetində akademik Həsən Abdullayevin rəhbərliyi və akademik M.İ.Əliyevin yaxından iştirakı ilə Yarımkeçiricilər fizikası kafedrası yaradıldı və tezliklə bu kafedranın bazasında yarımkeçiricilər və yarımkeçirici cihazların fizikası sahəsində elmi məktəb formalaşdı. Bu kafedra bütövlükdə keçmiş Sovetlər İttifaqında yarımkeçiricilər fizikası sahəsində yaradılmış ilk kafedralardan biri idi.

Sonralar artıq özülü akademik Həsən Abdullayev tərəfindən qoyulmuş kafedra sürətlə inkişaf etməyə başlamışdır və uzun illər respublikada elmi kadrların hazırlanmasında və yarımkeçiricilər fizikası sahəsinin inkişaf etdirilməsində əsas həlqələrdən biri olmuşdur. Bütün bu illər ərzində akademik Həsən Abdullayev daima kafedra ilə əlaqə saxlamış və yarımkeçiricilər fizikası üzrə ixtisas kursları tədris etmişdir. Onun səyi ilə bu kafedra üzrə ixtisaslaşan tələbələrə əlavə təqaüd təyin edilmişdir ki, bu da keçən əsrin 60-cı illərində daha çox ehtiyac hiss edilən yarımkeçiricilər fizikası sahəsi üzrə kadr hazırlığı prosesinə güclü təsir etmişdir. Təsadüfi deyil ki, hazırda yarımkeçiricilər fizikası sahəsi üzrə təkcə respublikada deyil, bütün dünyada şöhrət qazanmış görkəmli alimlərin bir çoxu ilk təhsilini məhz bu kafedrada almışdır.

Akademik Həsən Abdullayevin təşəbbüsü ilə uzun illər ərzində kafedra üzrə ixtisaslaşan istedadlı, qabiliyyətli tələbələrə Fizika İnstitutunda yarımkeçiricilər fizikasının müxtəlif sahələri üzrə diplom işləri aparmaq üçün mövzular təklif edilirdi. Beləliklə yarımkeçiricilər fizikasının bünövrəsi tamamilə BDU-nun «Yarımkeçiricilər fizikası» kafedrasında qoyulurdu və tələbələrdə Fizika İnstitutunda həll edilən problemlərə qarşı maraq da elə oradaca yaradılırdı. Diplom müdafiəsindən sonra, təyinat vaxtı o, fiziki təcrübələrin texnikasını və nəzəri məsələləri yaxşı bilən, elmi işə vurğun olan bacarıqlı tələbələri şəxsən özü seçir və  onların təyinatlarının Fizika İnstitutuna verilməsinə çalışırdı. Təyinatla instituta gələn istedadlı gənclər sonradan onun təşəbbusü və qayğısı ilə o vaxtkı Sovetlər İttifaqında daha çox inkişaf etmiş elm mərkəzlərinə göndərilirdi ki, bu da respublikada fizika elminin inkişafı üçün baza rolunu oynayan elmi potensialın yaranmasına səbəb olmuşdur.

Çoxşaxəli elmi fəaliyyətlə məşğul olan akademik Həsən Abdullayev uzun illər ərzində selenin, tellurun, onların mürəkkəb birləşmələrinin və bunların əsasında hazırlanan yarımkeçirici cihazların fizikası, selenin bioloji proseslərdə rolunun tədqiqi sahəsində əsaslı tədqiqatlar aparmışdır. Onun rəhbərliyi ilə mürəkkəb yarımkeçiricilər əsasında bir sıra yeni cihazlar, o cümlədən yeni elektrik yaddaşlı cihazlar yaradılmışdır. Termoelektrik çeviriciləri üçün aldığı yarımkeçirici materiala hələ o dövrlərdə ABŞ və Fransanın patentləri verilmişdir. Akademik Həsən Abdullayev ABŞ-da, Fransada, Bolqarıstanda, Rumıniyada, İngiltərədə, Polşada, Yaponiyada, İsveçrədə, İranda və digər ölkələrdə keçirilən beynəlxalq elmi konfrans və simpoziumlarda elmi məruzələrlə çıxış etmişdir. Onun "Elektron yarımkeçiriciləri və onların tətbiqi" (1952) kitabı yarımkeçiricilər fizikası sahəsində Azərbaycan dilində nəşr olunan ilk əsərdir. Rəhbərliyi altında 60-a qədər doktorluq, 100-ə qədər namizədlik dissertasiyaları müdafiə olunmuşdur. 17 monoqrafiyanın, 240 ixtiranın, 600-dən çox elmi məqalənin müəllifidir. Onun tələbələri və yetişdirdiyi kadrlar sonralar təkcə Bakı Dövlət Universitetində deyil, AMEA-nın müvafiq elmi müəssisə və təşkilatlarında və digər ali təhsil müəssisələrində yarımkeçiricilər fizikasının ayrı-ayrı sahələrinin inkişaf etdirilməsində və müxtəlif istiqamətlər üzrə bu gün də fəaliyyət göstərən elmi məktəblərin formalaşmasında  əvəzsiz rol oynamışlar.

Akademik H.B.Abdullayev uzun illər ərzində respublikada elmin təşkili sahəsində də əvəzsiz xidmətlər göstərmişdir. AMEA-nın Fizika-Riyaziyyat və Texnika elmləri bölməsinin akademik-katibi, Fizika İnstitutunun direktoru, AMEA-nın Prezidenti vəzifələrində çalışmışdır. Azərbaycan Dövlət Mükafatı Laureatı, Əməkdar Elm Xadimi fəxri adlarına layiq görülmüş, Qırmızı Əmək Bayrağı ordeni, Lenin ordeni, S.İ.Vavilov adına medal, Beynəlxalq Leypsik yarmarkasının (ADR) böyük qızıl medalı ilə təltif olunmuşdur.

Bakı Dövlət Universitetində yaradılan bu elmi məktəb sonralar əməkdar elm xadimi, professor Mirzəyev Bəhram Rüstəm oğlu və akademik Həsən Abdullayevin diqqət və qayğısı sayəsində görkəmli bir alim kimi formalaşan professor Axundov Qüdrət Əli oğlu tərəfindən inkişaf etdirilmişdir. Professor B.M.Mirzəyev 1909-cu ildə Bakı Real Məktəbini bitirərək Peterburq universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuş və 1916-cı ildə ali təhsilini başa vuraraq bir müddət Peterburqda və Donetsk vilayətində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Sonradan o,  Azərbaycana qayıdaraq 1923-cü ildən Azərbaycan Dövlət Universitetində elmi və pedaqoji fəaliyyətə başlamışdır. Həmin ildən başlayaraq universitetin fizika kafedrasında tələbə laboratoriyaları təşkil edib, fizika-riyaziyyat fakültəsində optikaya dair ilk dəfə olaraq Azərbaycan dilində mühazirələr oxuyub. Məhz bu mühazirələrin nəticəsində də o, ana dilində təcrübi məşğələlər üzrə ilk dəfə azərbaycan dilində tədris vəsaiti hazırlayaraq nəşr etdirib. Yeni laboratoriyaların təşkili işinə başlayıb, nümayiş müzeyi, fizika kabineti yaradıb. 1941-ci ildə təcrübi fizika kafedrasına müdir vəzifəsinə irəli çəkilib. 1942-1946-cı illərdə kafedranın bir neçə üzvü onun rəhbərliyi altında namizədlik dissertasiyası müdafiə edib. Qayğıkeş alimin səyi və köməyi nəticəsində yüksək ixtisaslı kadrlar hazırlanması məqsədilə neçə-neçə aspirant Moskva, Leninqrad, Kiyev və SSRI-nin digər böyük elmi mərkəzlərinə oxumağa göndərilib. 1960-cı ildə yarımkeçiricilər fizikası kafedrasının müdiri vəzifəsinə seçilib və 1970-ci ilədək kafedraya rəhbərlik edib. 1969-cu ildə professor elmi adı alıb. Bu illər ərzində kafedra üzrə kadr potensialının hazırlanmasına ciddi fikir verilmiş, keçmiş SSRİ EA-nın  Fizika-Texnika İnstitutuna və digər elm mərkəzlərinə göndərilən perspektivli kadrlar müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edərək kafedrada müəllim kimi fəaliyyətə başlamışlar və kafedrada elmi-tədqiqat işlərinin aparılması üçün baza yaradılması təmin edilmişdir. Əllidən çox elmi əsərin, iki ixtiranın, Böyük Vətən müharibəsi illərində iki hərbi təklifin müəllifi olan professor B.R.Mirzəyev Azərbaycan elmi qarşısında xüsusi xidmətlərinə görə 1954-cü ildə Lenin ordeninə layiq görülmüş, 1969-cu ildə ona əməkdar elm xadimi adı verilmiş, bir neçə medalla və Azərbaycan SSRI Ali Sovetinin Fəxri fərmanı ilə təltif edilmişdir.

1970-ci ildən kafedraya rəhbərlik edən prof.Q.Ə.Axundovun elmi fəaliyyəti əsasən A3B6-tipli yarımkeçirici birləşmələrin monokristallarının alınması və tədqiqi, eləcə də onlar əsasında müxtəlif çeviricilərin hazırlanması ilə əlaqədar olmuşdur. Prof.Q.Ə.Axundov tərəfindən Respublikada ilk dəfə olaraq yarımkeçiricilərdə radioaktiv izotoplar üsulu ilə diffuziya proseslərinin tədqiqinə dair elmi-tədqiqat işləri başlanılmış, bu üsulla selen düzləndiricilərində fiziki proseslərin xüsusiyyətləri öyrənilmişdir. Hələ 1957-ci ildən başlayaraq prof.Q.Ə.Axundov tərəfindən A3B6-tipli yarımkeçirici birləşmələrin monokristalları sintez edilmiş və göstərilmişdir ki, bu kristallar laylı və zəncirvari quruluşda kristallaşır. O, öz həmkarları ilə birlikdə bu birləşmələrin monokristallarının göyərdilməsi üçün texnoloji rejim işləyib hazırlamış, mahiyyətcə yeni texnoloji üsulun - kristalların külçə boyunca sabit temperatur qradiyenti şəraitində asta soyudulma yolu ilə göyərdilməsi üsulunun mümkünlüyünü təklif etmiş və onu reallaşdırmışdır. Nobel mükafatı laureatı, akademik N.Q.Basovla birgə ilk dəfə olaraq qallium selen kristallarında sürətli elektronların təsiri ilə lazer şüalanmasını müşahidə etmişdir. Həmkarları və tələbələri ilə birlikdə bu tədqiqatları davam etdirərək o, A3B6 sinfinə daxil olan  bir sıra yarımkeçiricilərdə və onların əsasındakı bərk məhlullarda elektrolüminessensiya, müxtəlif təsirlərlə induksiyalanmış şüalanma, elektrik dayanıqsızlığı və çeviricilik hadisələrini müşahidə və tədqiq etimşdir. Prof.Q.Ə.Axundov «Yarımkeçiricilər fizikası» kafedrasına müdir seçildikdən sonra kafedrada elmi-tədqiqat işlərinin vüsəti daha da artmış və artıq elmi kadrların başqa respublikalarda deyil, elə kafedranın özündəcə hazırlanması praktikası yaranmışdır. Tezliklə kafedra BDU-nun fizika fakültəsi ilə yanaşı, respublikanın digər elm və təhsil müəssisələri üçün, hətta xarici ölkələr üçün yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrlar hazırlayan nüfuzlu bir elmi məktəbə çevrildi. Qısa müddət ərzində kafedrada bir neçə gənc aspirant və dissertant elmlər namizədi alimlik dərəcəsi almaq üçün müvəffəqiyyətlə dissertasiya müdafiə etdilər. Sonralar bu ənənə davam etdirilərək kafedrada çoxlu sayda namizədlik və doktorluq dissertasiyalarının hazırlanaraq müdafiə edilməsinə səbəb oldu.

Prof.Q.Ə.Axundov elmi əlaqələrin yaranması sahəsində böyük əmək sərf etmiş, SSRİ EA-nın Fizika İnistutu, Yüksək Təzyiqlər Fizikası İnistutu, Leninqrad Fizika-texnika İnistutu, Ukrayna EA-nın Yarımkeçiricilər İnistutu və bir sıra digər ittifaq miqyaslı elmi müəssisələrin əməkdaşları ilə birgə elmi-tədqiqat işləri aparmışdır. Onun rəhbərliyi altında 10-dan çox elmlər namizədi hazırlanmışdır. Elmi, pedaqoji və ictimai fəaliyyəti daima diqqət mərkəzində olmuş və dövlət tərəfindən «Əməkdə fərqlənməyə görə» yubiley medalı ilə təltif edilmişdir. Respublika və xarici ölkələrdə dərc edilən elmi periodik jurnallarda 100-dən çox elmi məqalə çap etdirmiş, dəfələrlə beynəlxalq elmi konfranslarda məruzə ilə çıxış etmişdir. Təəssüf ki, prof.Q.Ə.Axundov 41 yaşında, həyatının və elmi fəaliyyətinin çiçəkləndiyi vaxt dünyasını dəyişmişdir. Lakin qısa ömrü ərzində o, yüksək elmi nailiyyətlər əldə etmiş, sonralar onun rəhbərlik etdiyi məktəbi ləyaqətlə davam etdirən görkəmli alimlər yetişdirmişdir.

1973-cü ildən keçən əsrin 90-cı illərinin ortalarınadək elmi məktəbə əvvəllər AMEA-nın Fizika İnstitunda çalışaraq laboratoriya müdiri vəzifəsinədək yüksələn, akademik Həsən Abdullayevin diqqət və qayğısı sayəsində püxtələşərək respublikada və xaricdə görkəmli bir alim kimi tanınan, AMEA-nın müxbir üzvü, professor Tahirov Vladimir İsmayıl oğlu tərəfindən rəhbərlik edilmişdir. Uzun illər ərzində prof.V.İ.Tahirov və yetirmələri tərəfindən Ge-Si bərk məhlullarının, SbSI kristallarının və Sb2S3-Sb2Se3 bərk məhlullarının fıziki xassələri tədqiq edilmiş, yeni mürəkkəb yarımkeçirici maddələrin axtarışı sahəsində intensiv tədqiqatlar aparılmış  və əhəmiyyətli elmi nəticələr əldə edilmişdir. AI3BIII5CVI9 - tipli yeni yarımkeçirici birləşmələrin mövcudluğu isbat edilmiş,  onların bir çoxunun monokristalları və nazik təbəqələri alınmış və fiziki xassələri tədqiq edilmişdir. Yeni alınmış materialların xassələrindəki xüsusiyyətlər aşkara çıxarılmış, onlar əsasında müxtəlif funksiyalı yarımkeçirici cihazlar hazırlanmış və istehsalata təkliflər verilmişdir. Güclü seqreqasiyaya malik binar bərk məhlulların ərintidən dartmaqla monokristalını alarkən kristallaşma cəbhəsində baş verən ifrat soyumanı aradan qaldırmağa imkan verən qidalandırıcı xəlitənin hazırlanma üsulu təklif edilmişdir. Yeni üsulla hazırlanmış qidalandırıcının tətbiqi ilə qərarlaşmış halda tərkibində ikinci komponentin konsentrasiyası onun xəlitədəki orta qiymətindən kiçik, ona bərabər və ondan böyük olan mükəmməl binar bərk məhlul monokristallarının alınması üsulu işlənib hazırlanmış və təcrübi olaraq Ge — Si bərk məhlulları üzərində həyata keçirilmişdir. Prof.V.İ.Tahirov 340-dan çox elmi məqalənin, 12 kitabın, 12 müəlliflik şəhadətnaməsinin müəllifidir. Onun rəhbərliyi ilə 7 doktorluq, 30-dan çox namizədlik dissertasiyası müdafiə edilmişdir.

Keçən əsrin 90-cı illərindən başlayaraq elmi məktəbə akademik Həsən Abdullayevin diqqət və qayğısı və professor Q.Ə.Axundov və V.İ.Tahirovun rəhbərliyi ilə yarımkeçiricilər fizikası sahəsində görkəmli bir alim və pedaqoq kimi formalaşan və qəbul edilən, Bakı Dövlət Universitetinin  Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Kazımzadə Aydın Həsən oğlu rəhbərlik edir. Onun rəhbərliyi ilə yenidən formalaşan elmi məktəbin fəaliyyət istiqaməti əsasən Mendeleyev cədvəlinin I, III və VI qrup elementləri əsasında alınmış mürəkkəb yarımkeçiricilərin elektrik, optik, fotoelektrik və lüminessensiya xassələrinin öyrənilməsi ilə əlaqədar olmuşdur. Uzun illər ərzində aparılan tətqiqatlar nəticəsində layvari A3B6 birləşmələrinin və onların bərk məhlullarının mükəmməl monokristalları alınmış, bu kristalların elektrik, optik, fotoelektrik və lüminessensiya xassələrinin xüsusiyyətləri öyrənilmişdir. Xüsusən bu maddələrdə yaranan qeyri-bircinsliliklərin elektron xassələrinə təsiri ətraflı tətqiq edilmiş, güclü lazer şüalarının bu maddələrlə qarşılıqlı təsirinin xüsusiyyətləri müəyyən edilmiş, bir sıra yeni fıziki hadisələr kəşf edilmişdir. Prof.Ə.Ş.Abdinov, prof.V.M.Salmanov və digər həmkarları və yetirmələri ilə birlikdə prof. A.H.Kazımzadə tərəfindən ilk dəfə olaraq kristallik maddələrdə anomal fotokeçiricilik və elektrik sahəsi ilə induksiyalanmış aşqar fotokeçiriciliyi hadisələri müşahidə edilmiş, A3B6 – tipli laylı  kristallarda güclü lazer şüalarının təsiri ilə Anderson keçidinin baş verdiyi göstərilmiş, yarımkeçiricilərdə Oje-rekombinasiyanın yeni mexanizmi təklif edilmişdir. Layvari kristallar əsasında hazırlanmış heterokeçidlərdə, Şottki diodlarında və yarımkeçirici-maye kristal sərhəddində elektron proseslərinin xüsusiyyətləri öyrənilmiş və diod  quruluşlarının parametrlərini təyin etmək üçün yeni üsul təklif edilmişdir. Axma nəzəriyyəsi sahəsində tədqiqatlar aparılmış və bu nəzəriyyənin tətbiqi ilə yarımkeçirici bərk məhlullarda faza keçidlərinin və aşqarlanmış yarımkeçiricilərdə Mott keçidinin xüsusiyyətləri müəyyən  edilmişdir. Sonralar A3B6 birləşmələrinin üçqat analoqları tədqiq edilmiş, onlarda baş verən elektron və fonon prosesləri haqqında ətraflı məlumat əldə edilmişdir. Son illərdə I, III və VI qrup elementləri əsasında alınmış mürəkkəb yarımkeçirici birləşmələri əsasında yarımkeçirici diod quruluşlarının və heterokeçidlərin tədqiqinə başlanılmış, A3B6-tipli yarımkeçirici birləşmələr əsasında optik kontakt üsulu ilə hazırlanmış heterokeçidlərin ideal Anderson modelinə daha çox uyğun gəldiyi göstərilmişdir ki, bu da onlar əsasında müxtəlif fıziki hadisələrin modelləşdirilməsinə imkan vermişdir.

Prof.A.H.Kazımzadə 1976-cı ildə elm və texnika  sahəsində Respublika Lenin Komsomolu  mükafatına, 2009-cu ildə Respublika Prezidenti tərəfindən Əməkdar Elm Xadimi fəxri adına layiq görülmüşdür. Yerli və xarici  elmi nəşrlərdə dərc edilmiş 322 elmi və publisistik məqalənin, 5 kitab, dərslik və dərs vəsaitinin müəllifidir. Bu əsərlərdən 130-dan çoxu indekslənən xarici nəşrlərdə, o cümlədən Rusiya, İngiltərə, Slovakiya, Fransa, Almaniya və digər xarici ölkələrdə nəşr edilən və Beynəlxalq informasiya agentlikləri tərəfindən indekslənən impakt-faktorlu elmi jurnallarda çap edilmişdir. Bir sıra beynəlxalq konfranslarda iştirak etmiş, o cümlədən Almaniya, İngiltərə, Fransa, Türkiyə, Rusiya, Ukrayna, Belorusiya, Litva, Özbəkistan, Gürcüstan, İran İslam Respublikası və başqa ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda məruzə ilə çıxış etmişdir.

Elmi və pedaqoji işlə yanaşı olaraq prof.A.H.Kazımzadə kadr hazırlığı sahəsinə də böyük diqqət yetirmişdir. Ötən illər frzində onun rəhbərliyi altında 2 elmlər doktoru, 9 elmlər namizədi hazırlanmışdır. BDU-nun nəzdində fəaliyyət göstərən D.02.012 dissertasiya şurasının sədridir.

Uzun illər ərzində kafedrada formalaşan elmi məktəblərin inkişaf etdirilməsində müxtəlif dövrlərdə kafedrada çalışan aşağıdakı əməkdaşların əvəzsiz xidmətləri olmuşdur - akademik M.İ.Əliyev, prof.A.Ə.Baxışov, prof.Ə.Ş.Abdinov, prof.A.H.Zeynallı,  prof.V.M.Salmanov, prof.M.M.Pənahov, prof.N.F.Qəhrəmanov, prof.A.Z.Abasova, prof.N.M.Həsənli, prof.M.B.Cəfərov, prof.R.A.Süleymanov, prof.Ə.O.Əliyev, prof.F.E.Fərəcov, dos.A.H.Əliyeva, dos.N.N.Bezdetnıy, dos.H.Z.Əmənov, dos.S.Ə.Axundov, dos.N.N.Lebedeva,  dos.M.H.Əliyev,  dos.İ.M.İsmayılov, dos.M.D.Xomutova, dos.İ.S.Baukin, dos.L.H.Həsənova, dos.Ə.H.Hüseynov, dos.E.Y.Salayev.

Bu gün Yarımkeçiricilər və yarımkeçirici cihazların fizikası sahəsində formalaşan elmi məktəb aşağıdakı istiqamətlər üzrə fəaliyyətini davam etdirir:

-         A3B6- tipli layvari və zəncirvari quruluşlu yarımkeçiricilərin elektron xassələri;

-         AI3BIII5CVI9-tipli yeni yarımkeçirici birləşmələrin alınması və fiziki-kimyəvi təhlili;

-         A3B6 və AIBIIICVI-tipli yarımkeçiricilər əsasında heterokeçidlərin alınması və tədqiqi;

-         Lazer şüalarının yarımkeçirici maddələrlə qarşılıqlı təsiri;

-         Axma nəzəriyyəsi və onun yarımkeçiricilər fizikasının müxtəlif məsələlərinə tətbiqi;

-         Binar bərk məhlulların alınması və tədqiqi;

-         Yarımkeçirici cihazların tədris prosesində tətbiqi.

Fəaliyyət göstərdiyi müddətdə elmi məktəbdə 11 elmlər doktoru, 50-dən çox elmlər namizədi hazırlanmışdır ki, onların da bir çoxu bu gün də respublikanın müxtəlif elmi təşkilatlarında, ali təhsil müəssisələrində və universitetin digər kafedra və elmi strukturlarında çalışaraq elmin və təhsilin inkişaf etdirilməsində və ayrı-ayrı istiqamətlər üzrə yeni-yeni elmi məktəblərin yaradılmasında öz fəaliyyətlərini uğurla davam etdirirlər.

Hazırda elmi məktəb prof.A.H.Kazımzadənin rəhbərliyi altında kafedranın aşağıdakı əməkdaşları tərəfindən uğurla davam etdirilir:

  1. Kazımzadə Aydın Həsən oğlu - AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi, f.r.e.d., professor (elmi rəhbər);
  2. Salmanov Vaqif Müseyib oğlu - Əməkdar müəllim, f.r.e.d., professor;
  3. Cəfərov Maarif Əli oğlu – f.r.e.d., professor;
  4. Abasova Adilə Ziyad qızı - f.r.e.d., professor;
    1. İbrahimov Hüseyn Behbud oğlu - f.r.e.d., professor;
  5. Hüseynov Əli Həsən Həsən oğlu -f.r.e.n., dosent;
  6. Həsənova Lüdmila Həmid qızı -f.r.e.n., dosent;
  7. Cahangirova Sona Əli qızı -f.r.e.n., dosent;
  8. Məhəmmədov Əlinağı Zəkəray oğlu - f.r.e.n., dosent;

10.  Məmmədov Rövşən Məmməd oğlu – f.ü.f.d., müəllim.

Əlaqə: Az.1148, Azərbaycan Respublikası, Bakı şəhəri, Z.Xəlilov küç., 23

Tel.: 99412 -539-05-15

E-mail: bsu_aydin@yahoo.com

Bookmark and Share