Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri Şərqşünaslıq fakültəsində olub
27/01/2023Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov Şərqşünaslıq fakültəsində olub.
26 yanvar 2023-cü il tarixində Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov Şərqşünaslıq fakültəsində olub. Görüşdə Şərqşünaslıq fakültəsinin dekanı dos.Aydan Xəndan və Ərəb filologiyası kafedrasının müdiri, dos.Vüqar Qaradağlı iştirak ediblər. Dekan qonağa son illərdə Şərqşünaslıq fakültəsində gedən müsbət dəyişikliklərdən, kadr hazırlığından, fakültənin 100 illik yubileyinin keçirilməsi və yeni perspektivlərin elan olunması ilə bağlı məlumat verib. Uzun illərdən bəri fakültədəki ixtisaslar arasında ərəb ölkələri üzrə istiqamətin mövcud olması, müvafiq ölkələrlə əlaqələrin yaradılması zərurəti vurğulanıb. Bu aspektdə Misir Ərəb Respublikası ilə olmuş təmaslar xatırlanıb. Səfir, Azərbaycan-Misir əlaqələri fonunda təhsil əlaqələrinin əhəmiyyətindən danışıb. Bu zəmində BDU-nun Şərqşünaslıq fakültəsi ilə Misir universitetləri arasında əməkdaşlıq əlaqələri, ortaq tədqiqat işlərinin aparılması, birgə elmi seminarların, ustad və onlayn dərslərin təşkili, xüsusilə də ərəb dilinin tədrisində universitetlərarası təcrübə mübadiləsi məsələləri müzakirə olunub. Dekan Aydan Xəndan şərqşünaslıq sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etməsində maraqlı olduqlarını bildirib.

