Akademik Vasim Məmmədəliyev Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 110 illiyinə həsr edilmiş elmi-praktik konfransda çıxış edib
28/09/2016
14 sentyabr 2016-cı il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dairəvi akt zalında Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə görkəmli şair Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 110 illiyinə həsr edilmiş "Məhəmməhdüseyn Şəhriyarın sənət dünyasının üfüqləri" mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq dahi söz ustadı Məhəmmədhüseyn Şəhriyarın həyat və yaradıcılığı haqqında ətraflı danışıb.
İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin, İran Mədəniyyət Mərkəzinin sədri, doktor İbrahim İbrahimi, AMEA Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva, Təbriz Universitetinin rektoru, professor Məhəmmədrza Purməhəmmədi, BDU Şərqşünaslıq fakültəsi Ərəb filologiyası kafedrasının müdiri akademik Vasim Məmmədəliyev, Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı, Ərdəbil Universitetinin professoru Doktor Qazidehi, Təbriz Universiteti nəzdində Azərbaycanşünaslıq Mərkəzinin sədri, doktor Əhməd Farşbaf, Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Esmira Fuad, Şərqşünaslıq İnstitutunun əməkdaşı Məsiağa Məhəmmədi böyük şairin çoxşaxəli yaradıcılığını əhatə edən məruzələrlə çıxış ediblər. Görkəmli şair Məhəmmədhüseyn Şəhriyarın həyat və yaradıcılığının müxtəlif aspeklərindən danışan, ustad şairin yaradıcılığının ayrı-ayrı istiqamətləri barədə fikir və mülahizələrini bölüşən məruzəçilər dahi söz ustadının yaradıcılıq məziyyətlərindən geniş söhbət açıblar. Beynəlxalq konfransın sonunda Məhəmmədhüseyn Şəhriyarın həyat yolunu əks etdirən film göstərilib. Tədbir boyu ustad şirin həyat və yardıcılığının müxtəlif dövrlərini əks etdirən slaydlar nümayiş olunub.
