Homeaz | en | ru

Şərqşünaslıq və Kitabxanaçılıq-informasiya fakültələrinin birgə təşkilatçılığı ilə elmi seminar keçirilib

08/12/2021
Bakı Dövlət Universitetində (BDU) Şərqşünaslıq və Kitabxanaçılıq-informasiya fakültələrinin birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi ədəbi irsi Şərq mədəniyyəti kontekstində” mövzusunda onlayn elmi seminar keçirilib.
Elmi seminarı giriş sözü ilə açan BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsinin Nizami irsinin müxtəlif aspektlərdən araşdırılması baxımından elm və təhsil müəssisələrinin qarşısında mühüm vəzifələr qoyduğunu qeyd edib. Bildirib ki, Azərbaycan elminin və təhsilinin flaqmanı olan Bakı Dövlət Universitetində “Nizami Gəncəvi İli” çərçivəsində bir sıra tədbirlər - o cümlədən, beynəlxalq və respublika miqyaslı konfranslar, elmi seminarlar, diskussiyalar, ədəbi-bədii gecələr keçirilib. Bugünkü elmi seminarda müzakirə edilən mövzunun aktuallığını vurğulayan natiq tədbirin işinə uğurlar arzulayıb.
Elmi seminarın moderatoru, Şərqşünaslıq fakültəsinin dekan müavini Nigar İsmayılzadə ölkə başçısının 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı sərəncamının Ulu Öndərimiz Heydər Əliyevin yaratdığı ənənələrin davamı kimi mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb, hələ sovet dövründə Ulu Öndərin təşəbbüsü ilə Nizaminin yubiley mərasimlərinin ittifaq səviyyəsində qeyd edildiyini vurğulayıb.
Elmi seminarda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin üzvü, akademik Rəfael Hüseynov “Nizami Gəncəvi “Xəmsə”sində gələcək quruculuğu və şairin kitab mədəniyyətinin inkişafına təsiri”, ədəbiyyatşünas Əsəd Cahangir “Nizami Gəncəvi irsində insan idealı və şərq fəlsəfəsi”, BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan “Nizami Gəncəvi əlyazmaları dünya arxiv və kitabxanalarında” mövzularında məruzə ediblər.
Məruzələr auditoriya tərəfindən böyük maraqla qarşılanıb, mövzularla bağlı müzakirələr aparılıb.
Bookmark and Share