Şərqşünaslıq fakültəsinin dekanı Çexiya Respublikasının Karlov Universitetində olub
28/03/2022Şərqşünaslıq fakültəsinin dekanı Çexiya Respublikasının Karlov Universitetində olmuşdur.
Şərqşünaslıq fakültəsinin dekanı dos. Aydan Xəndan 23 mart 2022-ci il tarixində Çexiya Respublikasının Praqa şəhərində Karlov Universitetində olmuşdur. Universitetdə İncəsənət fakültəsinin dekanı Eva Leheçkova, Beynəlxalq əlaqələr üzrə dekan müavini Milan Jonça ilə görüş keçirilmişdir. Söhbət zamanı dos. Aydan Xəndan Bakı Dövlət Universiteti və Şərqşünaslıq fakültəsinin tarixi və fəaliyyəti haqqında geniş məlumat vermişdir. Görüşdə Şərqşünaslıq fakültəsi ilə Karlov Universitetinin İncəsənət fakültəsi arasında əlaqələrin yaradılması, tələbə-müəllim heyətinin əməkdaşlığı perspektivləri haqqında müzakirələr aparılmışdır.
Qeyd etmək lazımdır ki, əsası 1348-ci ildə qoyulmuş Karlov Universiteti Çex Respublikasının və dünyanın ən qədim universitetlərindən biridir. 45 000-dən çox tələbənin təhsil aldığı universitetin 17 fakültəsində müxtəlif ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir. Karlov Universiteti QS WUR reytinqində 266-ci pillədədir. On minə yaxın tələbə kontingenti olan İncəsənət fakültəsində fəlsəfə, sosiologiya, din tarixi, siyasət və s fənlərlə yanaşı, 100-ə yaxın dil, o cümlədən, fars, türk, ərəb, ibri, yapon, koreya, monqol dilləri tədris edilir.


