Şərqşünaslıq fakültəsində 8 noyabr “Zəfər günü” ilə bağlı bayram tədbiri keçirilib
07/11/2021
8 noyabr 2021-ci il tarixində Şərqşünaslıq fakültəsində professor-müəllim heyəti, tələbələr və qazi-məzunların iştirakı ilə 8 noyabr “Zəfər günü”nə həsr olunmuş bayram tədbiri keçirilmişdir. Tədbir fakültənin bütün tələbə təşkilatlarının dəstəyi, fakültə kafedralarının üzvlərinin iştirakı ilə baş tutmuşdur. Azərbaycan Respublikasının dövlət himninin səslənməsinin ardınca, moderator, fakültənin dekan müavini Şahin Yusifli tədbir iştirakçılarını salamlayaraq, “Zəfər günü” münasibəti ilə bütün iştirakçılara təbriklərini çatdırmış, vətən uğrunda canından keçən şəhidlərə uca yaradandan rəhmət, yaralanmış qazilərə şəfalar diləmişdir. Şərqşünaslıq fakültəsinin Vətən müharibəsi zamanı fəaliyyəti, informasiya məkanında aparılan geniş və əsaslı mübarizə barədə məlumat verildikdən sonra, çıxışçılara söz verilmişdir. Fakültə dekanı vəzifəsini daşıyan f.ü.f.d. Tərlan Məlikov bayram münasibəti ilə bütün kollektiv və tələbə kontingentini ürəkdən təbrik etmiş, Vətən müharibəsinin nəticələri, torpaqlarımızın azğın düşmən tapdağından azad olunmasında şəhidlərin, qazilərin rolundan danışmış, müharibə zamanı arxa cəbhədə müxtəlif dillər üzrə fəaliyyət göstərən fakültənin müəllim kollektivi, ön cəbhədə fəaliyyət göstərən məzunlarımız barədə məlumat vermiş, böyük qələbədən doğan ürək sözlərini səsləndirdiyi şeirlə tamamlamışdır. Türk filologiyası kafedrasının müdiri prof. Rüfət Rüstəmov, Elmi işlər üzrə dekan müavini f.ü.f.d. Nigar İsmayılzadə, İran filologiyası kafedrasının dosenti Əsmətxanım Məmmədova, dos. Mehman Tarverdiyev, dos. Nüşabə Əlizadə, Ərəb filologiyası kafedrasının müəllimi Mais Ağaverdiyev və başqaları çıxış edərək bayram münasibəti ilə təbriklərini çatdırmış, ali baş komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun uğurlarından, aparılan ədalət və şərəf müharibəsinin müxtəlif aspektləri barəsində məlumat vermiş, şəhidlərin ruhu uca tutulmaqla onların ruhu qarşısında minnətdarlıq ifadə olunmuş, qazilərə can sağlığı, vətənimizə əbədi müstəqillik və əmin-amanlıq arzu olunmuşdur. Türk filologiyası kafedrasının dosenti Aydan Xəndan çıxış edərək, Vətən müharibəsinə, Şuşanın azad olunması və şəhidlərə həsr olunan şeirlərini söyləmişdir. Fakültəyə cari ildə qəbul olmuş, I kurs tələbəsi, Vətən müharibəsi iştirakçısı, şəhid Əmrahov Saməddinin övladı Aysu Əmrahovaya söz verilmişdir. Şəhid övladı mərhum şəhidin döyüş yolu barədə məlumat vermiş, vətən uğrunda canından keçən bütün şəhidlərə rəhmət diləyərək, bütün kollektivi “Zəfər günü” münasibəti ilə təbrik etmişdir. Fakültənin 2019-cu il məzunu, Vətən müharibəsi iştirakçısı, Suqovuşan uğrunda döyüşlərdə iştirak edərək Ali Baş Komandan tərəfindən üç medalla mükafatlanmış Valeh Salmanov keçdiyi döyüş yolu, döyüşlərdən olan xatirələr, yaralanması, müharibədə olan əhval-ruhiyyə barəsində məlumat vermiş, müəllimlərinə ona vətənpərvərlik hislərini dərindən aşıladıqlarına görə təşəkkürünü bildirmişdir. Tədbirin davamında Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Təşkilatı üzvləri olan tələbələrin hazırladığı iki müxtəlif videoçarx nümayiş olunmuş, ardıcıl olaraq TGT sədri Nihat Əliyev, THİK-sədri Didar Salmanlı, TEC sədri Elnarə Həsənova, Könüllülər üzrə koordinator Hüseyn Namiqoğlu çıxış edərək tələbələr adından təbriklərini və ürək sözlərini çatdırmışlar. Fakültənin tələbələri Abbasov Eltac və Türbəndəyev Əkbər vətənpərvərlik və şəhidlik zirvələri ilə bağlı şeirlərini səsləndirdikdən sonra, tədbir sona çatdırılmışdır.
